Məktəblilərimiz uğurlu nəticə qazandılar
Azərbaycan məktəbliləri İtaliyada keçirilən Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2026) uğurlu nəticə göstəriblər.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bununla bağlı paylaşım edib.
O bildirib ki, beynəlxalq olimpiadalar arasında xüsusi nüfuza malik olan yarışda bu il 67 ölkədən 242 məktəbli iştirak edib. Azərbaycan komandası isə 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıb.
Bürünc medallara Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli layiq görülüblər.
Bakı Ali Neft Məktəbi nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin şagirdi Fatimə Aslanlı və Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafat qazanıblar.
Osman Gündüz diqqətə çatdırıb ki, əvvəlki illərlə müqayisədə vaxtilə Türk liseylərinin şagirdləri beynəlxalq informatika olimpiadalarında daha fəal görünürdülər. Hazırda isə Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin fəallığının artdığı müşahidə edilir.
O qeyd edib ki, builki nəticələr əvvəlki illərlə müqayisədə o qədər də üstün səviyyədə olmasa da, qənaətbəxş hesab edilə bilər. Bununla yanaşı, beynəlxalq olimpiadalara hazırlıq prosesinin daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın EGOI üzrə əvvəlki illərdə əldə etdiyi nəticələr isə belə olub:
2022 — 1 gümüş, 1 bürünc medal
2023 — 1 qızıl, 1 gümüş, 2 həvəsləndirici mükafat
2024 — 2 bürünc, 1 həvəsləndirici mükafat
2025 — 2 bürünc, 1 həvəsləndirici mükafat
2026 — 2 bürünc, 2 həvəsləndirici mükafat
Osman Gündüz qalib məktəbliləri, onların valideynlərini, müəllimlərini, məktəb rəhbərliklərini, repetitorlarını və Olimpiadaya Hazırlıq Mərkəzinin komandasını təbrik edib.
O, həmçinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə verdiyi dəstəyə görə Azercell Telekom şirkətinə təşəkkürünü bildirib.










