media-whatsapp-image-2026-08-20-at-09-52-20

Azərbaycan məktəbliləri Özbəkistanın Daşkənd şəhərində keçirilən 38-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) 3 bürünc medal əldə ediblər.

ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, dünyanın məktəblilər üçün ən nüfuzlu və çətin olimpiadalarından biri hesab olunan IOI-da 3 medal ciddi nəticədir.

Onun sözlərinə görə, Azərbaycanı olimpiadada Həsən Vəliyev, Əkbər Əhmədov və Əhməd Qəmbərli təmsil edib. 157 nömrəli məktəbin 11-ci sinif şagirdi Həsən Vəliyev, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov və Bakı Türk Anadolu Liseyinin 11-ci sinif şagirdi Əhməd Qəmbərli bürünc medal qazanıblar.

Osman Gündüz qeyd edib ki, Azərbaycanın son illərdəki nəticələri belə olub: 2020-ci ildə 3 bürünc, 2021-ci ildə 2 bürünc, 2022-ci ildə 1 bürünc, 2023-cü ildə 1 bürünc, 2024-cü ildə 1 bürünc, 2025-ci ildə 1 gümüş və 2 bürünc, 2026-cı ildə isə 3 bürünc medal.

O bildirib ki, 2025-ci il Azərbaycan üçün tarixi nəticə ilə yadda qalıb. Belə ki, ölkə 22 illik fasilədən sonra yenidən gümüş medal qazanıb. Bu il isə medal sayının 3 olması, lakin gümüş medalın təkrarlanmaması diqqət çəkir. Buna baxmayaraq, son iki ildə Azərbaycan medal sayında yüksək nəticəni qoruyub.

“2022–2024-cü illərdə hər il cəmi 1 bürünc qazanırdıqsa, 2025 və 2026-cı illərdə hər dəfə 3 medal əldə etmişik”, – deyə Osman Gündüz vurğulayıb.

Azərbaycan İnternet Forumunun rəhbəri region ölkələrinin IOI 2026-dakı nəticələrinə də diqqət çəkib. Qazaxıstan 1 qızıl və 3 gümüş, Türkiyə 1 qızıl, 1 gümüş və 1 bürünc, Qırğızıstan 2 gümüş və 2 bürünc, Özbəkistan 1 gümüş və 3 bürünc, Gürcüstan isə 1 gümüş və 1 bürünc medal qazanıb. Azərbaycan 3 bürünclə kifayətlənib, Ermənistan isə medal əldə etməyib.

Osman Gündüzün sözlərinə görə, IOI 2026-da daha bir maraqlı məqam İsrail, Rusiya, Belarus və Türkmənistandan olan iştirakçıların milli bayraqları altında çıxış edə bilməməsi olub. İsrail, Rusiya və Belarusla bağlı bunun IOI səviyyəsində tətbiq olunan məhdudiyyətlərlə əlaqəli olduğu, həmin iştirakçıların IOI bayrağı altında yarışdığı qeyd edilir.

O bildirib ki, İsraildən olan iştirakçılardan biri milli bayraq altında çıxış etməsə də, qızıl medal qazanıb.

Osman Gündüz son iki ildəki nəticələrin Azərbaycanda informatika olimpiadalarına hazırlıq sistemində irəliləyişin olduğunu göstərdiyini vurğulayıb.

“Qalib olan məktəblilərimizi, məktəblərin rəhbərliyini, müəllimlərini və repetitorlarını, olimpiadaya hazırlıq komandasını, valideynlərini təbrik edirəm. Sponsorluq edən Azercell şirkətinə də təşəkkürlər”, – deyə o əlavə edib.

O həmçinin xatırladıb ki, Azərbaycan indiyədək nə Beynəlxalq İnformatika Olimpiadasında, nə də Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazana bilməyib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər