Avdı Qosqar
Ağamalı Sadiq Əfəndi cavan yaşlarımda gördüyüm ilk azad adamdı. Təbii bu azadlıq onunla qoşa doğulmuşdu. Ruhuynan, canıynan gəlirdi azad düşüncə. Heç bir qayda – qanun, ölçü – biçi onunçün deyildi. Bütün bölgülərdən yuxarıda dayanırdı. Sığışmırdı qadağalara. Demək olar ki, rejimsiz və qaydasız yaşayırdı. Mən görəndə onu ” Yazıçı ” nəşriyatinda işdən çıxarmışdılar. Demək olar ki, boş, selləmə bir həyata dirəmişdilər ömrünü. O da alışmışdı rejimsiz, qaydasız bir güzərana. Ğünüz – gecə istənilən vaxt qapını döyərdi. Səhərəcən yuxu yoxuydu. Saz çalıb oxumaq, şeir demək və zamanla, dünyayla bağlı ruhsal söhbətlər eləmək olardı işimiz. Çox coşqun, əyilməz, sınmaz bir Qamaq oğluydu, Qıpçaq soyuna mənsub.
Əydilər məni də əydilər, nənə – deyəndə əyilməzliyinə işarə verirdi. Ağamalı nə özünə sığırdı, nə ailəyə, nə evə – eşiyə. İçi özünnən böyük idi. İçinin təlatümü qoymurdu onu rahat otursun. Bir yandan da ev – eşik dərdi. Gündəlik güzəran. Bunlar kişini içinnən yeyir. O da bu sağalmaz dərdə düçar olmuşdu. Yazı – pozudan, yüksək ideallardan çox bu işə vaxt ayırırdı. Yenə də əksər bu yolun yolçuları kimi yaz əkinçı, qış dilənçi idi.
Onun hər hansı bir işə girib işləməyi də müşgül məsələ idi. Məmur kobudluğunu, müdir savadsızlığını çox görmüşdü. Onların boyunduruğu altında işləmək, ona çox ağır gəlirdi, demək olar ki, mümkünsüz idi. Oduki, bunun dolanışıq problemi ən ağır tərəfi idi. Özünü oda – közə vururdu, ha əlləşırdi ki , buna bir əncam çəksin , getdikcə özünü daha dərin quyuya salırdi .
Cəsarətli və riskli insan idi. Bəlkə də o cəsarətin bir tərəfi də buradan gəlirdi. İtirəcək heç nəyi yox idi. Bircə canı var idi, onu da övladlara və vətənə qurban demişdi, qurban da getdi …
O ağılnan da, bu ağılnan da baxanda görürəm ki, Ağamalı Sadiq Əfəndi Vətənə, yurda sevgiylə yanaşı, bir az da imitasiya edirdi. Özünü yurd, vətən fədaisi kimi göstərməyə daha çox çalışırdı.
Siyasətin cənginə alıb məhv elədiyi iki istedadlı yurd oğluna canı – dildən indi də yanıram. Əhməd Oruc, Ağamalı Sadiq Əfəndi …Hər ikisi öz sahəsində yüksək istedad sahibi idi. Əhməd Oruc gözəl riyaziyyatçı, Ağamalı Sadiq işə əvəzolunmaz söz adamı idi. Əhməd gözəl bildiyi riyaziyyatı, Ağamalı isə Sözü yetim qoydu. Əslində bunların heç biri məmur deyildi, siyasətçi kimi yetişməkləri sual altında idi.
Allah hər ikisinin o dünyasını versin …

media-adspc

Bənzər xəbərlər