Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır - Hicran Hüseynova
Rəqəmsal dünyanın yalnız risklər deyil, həm də böyük imkanlar gətirdiyini başa düşmək vacibdir. Buna görə də qanunvericilik orqanı olaraq, məqsədimiz uşaqların müasir texnologiyalara çıxışını məhdudlaşdırmaq deyil, onların istifadəsi üçün təhlükəsiz mühit yaratmaqdır. Biz uşaq və gənclərin təkcə rəqəmsal xidmətlərdən inamla istifadə etməsində deyil, həm də IT bacarıqlarını fəal şəkildə inkişaf etdirməsində maraqlıyıq.
ERAmedia xəbər verir ki, bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, buna görə də uşaq və gənclərə ideyalarını həyata keçirməyə, praktik bacarıqlar qazanmağa və ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verən təhsil proqramları, hakatonlar, startap akseleratorları və digər layihələr böyük əhəmiyyət kəsb edir. Bu yanaşma, eyni zamanda, uşaqların təhlükəsizliyini təmin edir və onların rəqəmsal sahədə potensiallarını reallaşdırmaları üçün şərait yaradır.










