media-7a06ad49162342063644152097610359372

Sahibsiz itin hündürmərtəbəli binanın blokuna salınaraq yuxarı mərtəbəyə aparılması və daha sonra pəncərədən zorla aşağı atılaraq öldürülməsi ilə bağlı yayılan videogörüntülər cəmiyyətdə ciddi narahatlıq doğurub.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva hadisə ilə bağlı açıqlamasında görüntülərdən sarsıldığını bildirib.

“İkinci gündür ki, həmin görüntülər gözlərimin qarşısından getmir. Adamlar belə qəddar doğulmurlar. Onlar ailələrində aldıqları tərbiyədən formalaşırlar”, – deyə Arzu Qazıyeva qeyd edib.

O bildirib ki, uşaqların tərbiyəsində valideynlərin, xüsusilə də anaların böyük rolu var:

“Açıq deyək ki, uşaqların tərbiyəsində atalar analar qədər iştirak etmirlər. Adamlardan “atam belə deyərdi, atam belə öyrədib” sözlərini həmişə eşitmək olmur. Uşaqların tərbiyəsində əsas rolu analar oynayır. Lakin ana yalnız ana deyil, həm də qadındır. Zəriflik, mərhəmət, qayğıkeşlik böyük ölçüdə qadınlara xas olmalı xüsusiyyətlərdir. O zaman necə olur ki, zərif, mərhəmətli, qayğıkeş olmalı olan qadınlar – analar uşaqlarını, xüsusən də oğlan uşaqlarını belə qəddar böyüdürlər, onları zalım xüsusiyyətləri ilə formalaşdırırlar?”

Araşdırmaçı jurnalist uşaqların heyvanlara qarşı zorakı davranışlarının valideynlər tərəfindən bəzən görməzdən gəlindiyini vurğulayıb:

“Dəfələrlə şahidi olmuşam ki, uşağı anasının, əksər hallarda, gözü qarşısında ya pişiyi təpikləyir, ya itə daş atır. Lakin ana oğlunun yaramaz hərəkətinə irad bildirmir. Özüm müdaxilə etməli olmuşam”.

Arzu Qazıyevanın sözlərinə görə, heyvanlara qarşı zorakı münasibət gələcəkdə insanlara qarşı zorakılığın formalaşmasında da rol oynaya bilər:

“Heyvanlara zorakı münasibət sonra həmin oğlanların öz ailələrində də yaşanır. Kimisi arvadını döyür, söyür, öldürür, başqa birisinə zorakılıq edir. Qızlarımız ərlərinin zorakılığına ya dözürlər, ya da normal sayırlar. Çünki bunu onlar da öz növbələrində həmin anaların oğlan uşaqlarına verdikləri tərbiyədən görüb-götürürlər”.

O qeyd edib ki, bəzi valideynlər oğlan uşağının sərt və qorxmaz böyüməsini yanlış şəkildə zorakılıqla əlaqələndirirlər:

“Bəzən analar elə bilirlər ki, oğlan uşağı məhz belə – onların aləmində guya “güclü”, “qorxmaz”, “sərt” böyüməlidir”.

Arzu Qazıyeva vurğulayıb ki, mərhəmət, qayğı və zəif olana zülm etməmək uşağa kiçik yaşlarından öyrədilməli olan mühüm davranışlardır:

“Bəli, mərhəmət də, qayğıkeşlik də tərbiyədir. Zəif olana əl qaldırmamaq da tərbiyədir. Canlının ağrısını hiss etməyi, özündən zəifə zülm etməməyi də uşağa öyrətmək lazımdır. Uşaq heyvana daş atanda buna gülüb “uşaqdır da” deyib keçməməlidir valideyn. Uşağın heyvana münasibəti xırda məsələ deyil. Bu, onun içində kimin böyüdüyünün göstəricisidir”.

Araşdırmaçı jurnalist heyvanlara qarşı zorakılıqla insanlara qarşı zorakılıq arasında ciddi əlaqə olduğunu da diqqətə çatdırıb:

“Heyvana qarşı zorakılıqla insanlara qarşı zorakılıq arasında isə keçilməz divar yoxdur. Bir dəfə normal qəbul ediləndə, sərhədi getdikcə genişlənir”.

O, valideynləri uşaqların tərbiyəsinə daha məsuliyyətli yanaşmağa çağırıb:

“Analar və atalar da həmçinin, nə qədər ki, zorakılığı özünə şərəf bilən adamların valideyni olmaqda davam edəcəklər, o cəmiyyətin inkişafı mümkün deyil”.

Vural


media-adspc

Bənzər xəbərlər