media-1661495357928164807_1200x630

Azərbaycan kino sənətinin yaddaqalan simalarından olan Həsən Məmmədov həm aktyorluq istedadı, həm də sadə və səmimi xarakteri ilə yadda qalıb.

ERAmedia xəbər verir ki, aktyorun həyatında sənət fəaliyyəti ilə yanaşı, maraqlı sevgi hekayəsi də xüsusi yer tutub.

Məmmədovun yaxınları onu mülayim, etibarlı və mərd insan kimi xarakterizə ediblər. Onun insanlarla ünsiyyətdə tez-tez “qurban sənə” ifadəsindən istifadə etdiyi bildirilir. Ekranda yaratdığı obrazlarla çoxsaylı tamaşaçıların rəğbətini qazanan aktyora çəkiliş meydanında da böyük maraq olub.

“Gün keçdi” filminin çəkilişləri zamanı Həsən Məmmədova qızların diqqət göstərdiyi söylənilir. Lakin aktyorun öz diqqəti kinostudiyanın yaxınlığında kirayə yaşadığı həyətdə qarşılaşdığı Lətifə adlı qıza yönəlib. O, bir müddət gənc qızın ardınca gedib. Lətifə də hər gün onun arxasınca gələn yaraşıqlı gənci fərq edib. Nəhayət, Həsən Məmmədov hisslərini ona etiraf edib və bu münasibət 1967-ci ildə nikahla nəticələnib.

Aktyorun sənət yolunun başlanğıcı isə 1958-ci ilə təsadüf edir. Həmin il Teatr İnstitutuna qəbul olmaq üçün sənədlərini təqdim edən Məmmədov Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov kimi tanınmış sənət xadimlərinin qarşısında imtahan verib. Onun çıxışı bəyənilib və aktyorluq təhsilinə başlayıb.

Məmmədov hələ birinci kursda oxuyarkən kinoya dəvət alıb. Onun ilk filmi “Böyük dayaq” olub. Gənc aktyorun qısa müddətdə kino sahəsinə cəlb olunması həmin dövr üçün əlamətdar hadisə sayılırdı.

Aktyor Əbdül Mahmudov Həsən Məmmədovla bağlı xatirələrindən birində onun qadınların diqqətini çəkməsinə baxmayaraq, bundan xüsusi istifadə etmədiyini vurğulayıb. Mahmudovun sözlərinə görə, qastrolda olarkən aktyora bu barədə eyham vurması Həsənin narazılığına səbəb olub.

SSRİ-nin dağılmasından sonra Azərbaycan kinosunda yaranan böhran isə Həsən Məmmədovun yaradıcılıq fəaliyyətinə də təsirsiz ötüşməyib. Kino istehsalının azalması nəticəsində aktyor bir müddət işsiz qalıb. Bu vəziyyət onun mənəvi durumuna da təsir edib.

Sonrakı mərhələdə Həsən Turabovun köməyi ilə aktyor yenidən teatra qayıdıb. Beləliklə, kino sahəsində yaranmış fasiləyə baxmayaraq, Həsən Məmmədov səhnədən uzaq qalmayıb və Azərbaycan aktyor sənətində özünəməxsus iz qoyub.

Vural


media-adspc

Bənzər xəbərlər