Mərkəzi Asiyada və Hind okeanı regionunda geosiyasi rəqabət güclənir
ABŞ dövlət katibi Marko Rubionun oktyabrın 17-22-də Özbəkistan və Hindistana planlaşdırılan səfərləri Vaşinqtonun bu iki regionda strateji maraqlarını gücləndirmək niyyətindən xəbər verir.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, ABŞ-ın Mərkəzi Asiyaya artan marağı regionun geosiyasi mövqeyi, zəngin təbii sərvətləri və beynəlxalq nəqliyyat marşrutları ilə bağlıdır.
Onun sözlərinə görə, Rubio Özbəkistanın Səmərqənd şəhərində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək “5+1” formatlı görüşdə iştirak edəcək. Görüşün Özbəkistanda təşkili Vaşinqtonun bu ölkə ilə əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. ABŞ dövlət katibi ilə yanaşı, 200-dən çox iri Amerika şirkətinin nümayəndəsinin də Özbəkistana səfər edəcəyi bildirilir.
Elxan Şahinoğlu qeyd edib ki, Vaşinqton Mərkəzi Asiya uğrunda geosiyasi rəqabətdə Rusiya və Çindən geri qalmaq istəmir. Regionun strateji mövqeyi, enerji və digər təbii resursları, eləcə də Şərqlə Qərbi birləşdirən nəqliyyat yolları ABŞ üçün mühüm əhəmiyyət daşıyır.
Siyasi şərhçinin fikrincə, Mərkəzi Asiya ölkələri də ABŞ-la əlaqələri inkişaf etdirməkdə maraqlıdırlar. Onlar Amerika investisiyalarını cəlb etməklə iqtisadi imkanlarını genişləndirməyə və Rusiya ilə Çin arasında balanslaşdırılmış siyasət yürütməyə çalışırlar. Bu baxımdan Vaşinqtonla əməkdaşlığın dərinləşdirilməsi region ölkələrinə xarici siyasətdə əlavə manevr imkanları yaradır.
Elxan Şahinoğlu Marko Rubionun Hindistana səfərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, dövlət katibinin Yeni Dehli əvəzinə Mumbay və Camnagar şəhərlərinə səfər etməsi, eləcə də burada keçiriləcək görüşlərin gündəliyi iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından diqqət çəkir.
Siyasi şərhçi xatırladıb ki, Rubio bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Hindistanın Rusiyadan neft almayacağına dair vəd verdiyini söyləmişdi. Daha sonra ABŞ dövlət katibinin Hindistana səfəri zamanı enerji məsələsi geniş müzakirə olunmuşdu.
Lakin Elxan Şahinoğlunun qənaətinə görə, Yaxın Şərqdə gərginliyin artması və enerji bazarlarında qiymətlərin yüksəlməsi Vaşinqtonun Hindistanın Rusiya neftini almasına münasibətinə təsir göstərib. Belə şəraitdə ABŞ-ın Hindistana qarşı əvvəlki tələblərini eyni sərtliklə davam etdirməsi çətin görünür.
Şahinoğlu hesab edir ki, Hindistanın Rusiya neftinə marağının əsas səbəblərindən biri bu xammalın daha sərfəli qiymətə əldə edilməsidir. Yaxın Şərqdə və Fars körfəzinə çıxış təmin edən strateji boğazlarda yaranan gərginlik enerji təchizatına dair riskləri artırdığından, Hindistan üçün alternativ mənbələrin əhəmiyyəti daha da yüksəlir.
Onun fikrincə, ABŞ-ın Hindistanla strateji tərəfdaşlığı gücləndirmək istəməsinin əsas səbəblərindən biri də Çinin regional və qlobal ambisiyalarını məhdudlaşdırmaqdır. Bu əməkdaşlıq təkcə enerji sahəsini deyil, ticarət, yüksək texnologiyalar, nadir torpaq elementləri və müdafiə sənayesini də əhatə edir.
ABŞ iki ölkə arasında ticarət dövriyyəsini 2030-cu ilə qədər 500 milyard dollara çatdırmağı hədəfləyir. Bu məqsəd Vaşinqtonun Hindistanı mühüm iqtisadi tərəfdaş kimi gördüyünü göstərir.
Elxan Şahinoğlu hesab edir ki, Rubionun səfəri zamanı ABŞ və Hindistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə oluna bilər. Xüsusilə birgə hərbi təlimlərin keçirilməsi və müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi regional təhlükəsizlik baxımından diqqət çəkir.
Siyasi şərhçinin fikrincə, ABŞ və Hindistanın hərbi əməkdaşlığını Çinlə Rusiyanın birgə hərbi fəaliyyətləri fonunda da qiymətləndirmək lazımdır. Vaşinqton və Yeni Dehli arasında müdafiə əlaqələrinin güclənməsi Asiyada güc balansına təsir göstərə bilər.
Şahinoğlu əlavə edib ki, Hindistan ABŞ-dan hərbi texnika almağa davam edə bilər. Halbuki, Yeni Dehli uzun illər müdafiə sahəsində Rusiyanın əsas tərəfdaşlarından biri olub. Hindistanın silah təchizatında alternativ mənbələrə üstünlük verməsi ölkənin müdafiə siyasətində şaxələndirmə meylinin gücləndiyini göstərir.
Siyasi şərhçinin qənaətinə görə, Rubionun Özbəkistan və Hindistana səfərləri ABŞ-ın Avrasiyada mövqelərini möhkəmləndirmək strategiyasının mühüm istiqamətlərini əks etdirir. Vaşinqton bir tərəfdən Mərkəzi Asiyada iqtisadi və siyasi təsirini artırmağa, digər tərəfdən isə Hindistanla strateji tərəfdaşlığını gücləndirməklə Çinin regional təsirinə qarşı balans yaratmağa çalışır.
Vural










