Məryəm Bayraməlibəyova: Maarifçilikdən sürgünə uzanan ömür yolu
Azərbaycanın qadın maarifçiliyi tarixində özünəməxsus yer tutan Məryəm Bayraməlibəyova pedaqoji fəaliyyəti və ictimai təşəbbüsləri ilə yadda qalan şəxsiyyətlərdəndir.
ERAmedia xəbər verir ki, 1898–1988-ci illərdə yaşamış Məryəm Bayraməlibəyova Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətinin təşkilatçısı, “Ünas” qızlar məktəbinin müdiri, 1919–1920-ci illərdə isə Lənkəran qızlar gimnaziyasının inspektoru vəzifəsində çalışıb.
O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cavad bəy Məlikyeqanovun həyat yoldaşı olub. Üç qız övladı böyüdən Məryəm Bayraməlibəyovanın həyatı Azərbaycan tarixinin mürəkkəb və faciəli dövrlərindən birində ağır sınaqlarla üzləşib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və 1920-ci ilin Aprel işğalından sonra onun taleyi kəskin şəkildə dəyişib. Məryəm Bayraməlibəyova Bayıl həbsxanasına salınıb, daha sonra sürgünə göndərilib. Sürgün həyatının ilk mərhələsi Arxangelskdə keçib.
Sərt iqlim və ağır yaşayış şəraiti onun səhhətinə ciddi təsir göstərib. Arxangelskdə xəstələnən və görmə qabiliyyətini itirən Bayraməlibəyova sonradan Qazaxıstana sürgün edilib.
Məryəm Bayraməlibəyovanın həyat yolu bir tərəfdən qadınların təhsilə cəlb olunması və maarifçiliyin inkişafı naminə görülən işləri, digər tərəfdən isə dövrün siyasi təqiblərinin insan talelərində buraxdığı ağır izləri əks etdirir. Onun fəaliyyəti və yaşadığı çətinliklər Azərbaycanın ictimai-maarifçilik tarixinin diqqətəlayiq səhifələrindən biridir.
Vural










