Məscidlərin qarşısında lotereya biletlərinin satışı qadağan edildi
İstanbul Valiliyi milli lotereya biletləri və digər şans oyunlarının satışı ilə bağlı bildiriş yayımlayıb.
ERAmedia xəbər verir ki, yeni ilin yaxınlaşması ilə şans oyunlarına marağın artdığı qeyd olunan açıqlamada məscid həyətləri və ibadətgahların qarşısında milli lotereya biletləri və digər şans oyunlarının satışının qadağan edildiyi bildirilib.
İstanbul Valiliyinin yaydığı məlumata görə, vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılan qiymətləndirmə nəticəsində bu cür satışların məscidlərin həyətində və giriş hissələrində həyata keçirildiyi müəyyən olunub. Bu səbəbdən sözügedən ərazilərdə satışa icazə verilməyəcəyi vurğulanıb.
Açıqlamada qeyd olunub ki, Milli Lotereya İdarəsi Baş Müdirliyinin Bilet Satışı, Çəkiliş və Uduşların Ödənilməsi ilə bağlı müvafiq qaydalarına əsasən, lotereya fəaliyyətləri, bilet satışı, çəkilişlər, uduşların ödənilməsi ilə bağlı prosedurlar müəyyən edilib.
Bildirilib ki, məscidlər qadın-kişi, gənc-yaşlı hər kəsin rahat şəkildə ziyarət edə və ibadət edə bildiyi məkanlardır və bu məkanların ibadət, təhsil, maarifləndirmə və mədəniyyət mərkəzi kimi istifadə olunması əsas götürülür. Vətəndaşların məscidlərdən maksimum dərəcədə faydalana bilməsi və ibadətlərini rahat və sakit yerinə yetirmələri məqsədilə məscid həyətləri, girişləri və bağçalarında milli lotereya biletləri və digər şans oyunlarının satışına icazə verilməyəcək.
Valilik açıqlamasında həmçinin bildirilib ki, yerli idarəetmə orqanları, ümumi asayiş qüvvələri və bələdiyyələr tərəfindən lazımi tədbirlər görüləcək, nəzarət tədbirləri gücləndiriləcək və tətbiqdə hər hansı nöqsana yol verilməməsi təmin olunacaq.
Vural Həsənoğlu









