Məşhur aktrisa haqqında illərdir bilinməyən xatirə
Aktrisa Vəfa Fətullayevanın qələmə aldığı xatirədə Xalq artisti Hökumə Qurbanovanın həyatından maraqlı və indiyədək geniş ictimaiyyətə məlum olmayan hadisə danışılıb.
ERAmedia xəbər verir ki, xəbəri sosial şəbəkə hesabında Etibar Vəfa paylaşıb. Xatirəyə görə, ötən əsrin 20-ci illərinin sonlarında Ağahüseyn adlı imkanlı bir ailənin övladı Hökumə Qurbanovanı sevib və uzun müddət onunla evlənmək istəyib.
Ağahüseynin atası Məşədi Qulamın varlanmasında Hökumənin babası, məşhur neft mühəndisi Abbasəli Qurbanovun da böyük rolu olub. Qurbanov ona Balaxanıda neft olan torpağını satmamağı, H.Z.Tağıyevə icarəyə verməyi məsləhət görüb. Sonralar Məşədi Qulam ailəsi ilə birlikdə Bakıda imkanlı həyat sürüb.
Lakin Hökumə Ağahüseynin evlilik təkliflərini qəbul etməyib. Ağahüseynin ailəsi bir neçə dəfə elçi gəlsə də, Hökumə qəti şəkildə razı olmayıb.
İllər sonra Ağahüseyn müharibəyə yollanıb, 1942-ci ildə Belarusiyada əsir düşüb. Daha sonra Sovet ordusunun tərəfinə keçsə də, “vətən xaini” kimi 20 il həbs cəzasına məhkum edilib. Azadlığa çıxdıqdan sonra Bakıda yaşamasına icazə verilməyib və Ucara göndərilib.
1967-ci ilin qışında isə təxminən 60 yaşlarında olan, tanınmaz vəziyyətə düşmüş Ağahüseyn gecə vaxtı Hökumə Qurbanovanın evinin qapısını döyüb. Hökumə onu dərhal tanıyıb və evə dəvət edib. Ağahüseyn düşdüyü vəziyyəti danışaraq ondan Bakıda yaşamaq və üzərinə qoyulmuş “vətən xaini” damğasının götürülməsi üçün kömək istəyib.
Hökumə Qurbanova məsələni o dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundova çatdırıb. Araşdırma nəticəsində məlum olub ki, Ağahüseyn əsirlikdə ağır işgəncələrə məruz qalmasına baxmayaraq, hərbi sirr verməyib. Üstəlik, əsirlikdən qaçarkən 16 sovet hərbçisinin də qaçmasına kömək edib. Beləliklə, onun “vətən xaini” elan edilməsinin əsassız olduğu müəyyənləşib.
Bundan sonra Ağahüseynin Bakıya qayıtmasına, atasından qalan mənzilə yerləşməsinə şərait yaradılıb. Hökumə Qurbanova onu çörək zavodunda da işə düzəldib.
Xatirəyə görə, Ağahüseyn göstərilən yaxşılığın əvəzini qaytarmağa çalışsa da, Hökumə Qurbanova onun minnətçi vəziyyətinə düşməsini istəməyib. Bu səbəbdən ona bir daha qarşısını kəsməməyi xahiş edib.
Ağahüseyn ömrünün sonuna qədər ailə qurmayıb. 1979-cu ildə ağır xəstəlikdən dünyasını dəyişib. Xatirənin sonunda isə Hökumə Qurbanovanın gəncliyində onu sevən Ağahüseynə niyə “yox” dediyinin müəllif üçün həmişə müəmmalı qaldığı qeyd olunur.
Mələk Onur









