Məşhur aktyor haqqında yeni faktlar
Azərbaycan kino tarixinin unudulmaz simalarından olan Şahmar Ələkbərov barədə maraqlı faktlar və şahid xatirələri yenidən gündəmə gəlib.
ERAmedia xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumata görə, aktyorun ilk böyük ekran işi “Dağlarda döyüş” filmi olub.
Bu roldan sonra rejissorlar onu yeni filmlərə çəkmək üçün növbəyə durublar. Çəkiliş prosesində müəyyən anlaşılmazlıqlar da yaşanıb. Belə ki, filmin quruluşçu rejissoru Möhsün Sənani ona “qızın əlindən tutma” tapşırığı verərək gəlininə – Ofeliya Sənaniyə görə qısqanclıq göstərib. Bu vəziyyət aktyoru incitsə də, o, münasibətlərdə bunu büruzə verməyib.
Aktyorun həyat yoldaşı Kamilla Ələkbərova xatırlayır ki, Şahmar Ələkbərov “Firəngiz” filminin çəkilişləri zamanı ssenariyə uyğun olaraq qışın soyuğunda çaya atılıb, çəkilişdən evə 41 dərəcə qızdırma ilə qayıdıb. Ağciyər iltihabı və quru plevritlə bağlı müalicə alan sənətkar buna baxmayaraq fəaliyyətini davam etdirirdi. Onun zarafatcıl xarakterinə işarə edən bir xatirədə aktyor ailəsinin xahişi ilə bığının yalnız bir hissəsini qırxaraq uşaqları güldürmüşdü.
Şahmar Ələkbərov həm də Azərbaycanın ən güclü dublyaj ustalarından biri kimi tanınırdı. O, gününün böyük hissəsini, səhər 9-dan axşam 20-yədək dublyaj studiyalarında keçirirdi. “Qanun naminə” filmində Mehman obrazını, “Ad günü” filmində Əlini canlandıran gürcü aktyor David Uplisaşvilini, həmçinin “Tütək səsi” filminndəki Cəbrayılı – Mixay Volontiri Azərbaycan dilində səsləndirib. Maraqlıdır ki, “Ad günü” filmində Əli rolunu əvvəlcə Şahmar Ələkbərovun oynaması nəzərdə tutulsa da, qərar dəyişdirilor və o, yalnız dublyajla kifayətlənir.
Aktyor həmkarları tərəfindən yüksək dəyərləndirilsə də, özünün qürurlu xarakteri ilə seçilib, heç vaxt şəxsi problemlərini qabartmayıb. Yaşadığı mənzil çətinliklərinə baxmayaraq, kimsədən yardım istəmədiyi bildirilir. Aktrisa Əminə Yusifqızı həmin illərin şəraitini xatırlayaraq aktyorun dublyaj zalındakı ağır iş şəraitinə görə “Biz buranın fəhləsiyik” sözlərini dediyini bildirir.
Şahmar Ələkbərovun ən böyük arzusu öz filmlərini çəkmək idi. O, aktyorluqla yanaşı rejissorluq, dublyaj və hətta diktorluqla da məşğul olmuşdu. Aktyor Loğman Kərimovun sözlərinə görə, sənətkar səhhətindəki ciddi problemə baxmayaraq işinə ara vermir, həkimlərin xəbərdarlıqlarına rəğmən çəkilişləri davam etdirirdi.
Onun rejissoru olduğu “Sahilsiz gecə” filmi mövzusuna görə böyük müzakirələr yaradıb, ekran işindən sonra aktyorun evinin qarşısında və kinostudiyanın önündə etiraz aksiyaları keçirilib. Həyat yoldaşı Kamilla Ələkbərovanın sözlərinə görə, həmin dövrdə aktyorun səhhəti ağırlaşır, o, yenicə keçirilmiş müalicədən sonra belə çəkiliş meydançasına getmək üçün güc toplamaq məcburiyyətində qalır.
Şahmar Ələkbərovun meyxanaya xüsusi bağlılığı da diqqət çəkir. Onun “Qəzəlxan” filmini çəkməsi də bu sevgidən qaynaqlanırdı. Xanımının sözlərinə görə, aktyor hətta meyxana teatrı yaratmaq istəyir, meyxanaçılarla müzakirələr aparırdı. Əliağa Vahidin qəzəlləri isə onun üçün xüsusi dəyər kəsb edirdi.
“Kömendant saatı” dövründə həyata keçirilən çəkilişlər çətinlik yaratsa da, aktyorun sənətdəki böyük nüfuzu işlərin davam etməsinə imkan verib. Sonralar o, “Yük” filminin ssenarisini xəstəxanada müalicə aldığı müddətdə yazıb. Lakin səhhəti filmi ərsəyə gətirməyə imkan verməyib.
Azərbaycan kinosunun sevimli siması Şahmar Ələkbərov 49 yaşını tamamlamasına 11 gün qalmış dünyasını dəyişib.
Vural Həsənoğlu









