Məşhur aktyorun həyat yoldaşı illər sonra tanışlıqlarının sirrini açıqlayıb
Azərbaycan kinosunun tanınmış simalarından olan Ceyhun Mirzəyevin həyat hekayəsində xüsusi yer tutan sevgi macərası uzun illər keçsə də maraq doğurmağa davam edir.
ERAmedia xəbər verir ki, aktyorun həyat yoldaşı Lidiya Mirzəyevanın xatirələrinə görə, onların ilk tanışlığı Moskvada baş tutub. Həmin vaxt Ceyhun Mirzəyev kino heyəti ilə qastrol səfərində idi, Lidiya isə məktəblilərlə birlikdə paytaxta ekskursiyaya getmişdi.
Lidiya Mirzəyeva bildirib ki, Ceyhun Mirzəyevi əvvəlcədən filmlərdən tanıyırdı və o dövrdə aktyor artıq kifayət qədər məşhur idi. İlk canlı görüş zamanı Ceyhun onları restorana dəvət edib və sonradan məlum olub ki, həmin qonaqlıq üçün üzərində olan son pulu da xərcləyib. Görüşün sonunda onlar telefon nömrələrini dəyişsələr də, sonrakı ilk telefon danışığında Lidiya görüş təklifini qəbul etməyib və bununla da əlaqələri kəsilib.
Aradan düz səkkiz il keçdikdən sonra Ceyhun Mirzəyev Lidiyanı yenidən tapmağa nail olub. O, hər gün sevdiyi qızın işlədiyi yerə gələrək pəncərəni döyür, otağa bir gül atır və səssizcə uzaqlaşırdı. Davamlı diqqət və israr nəticəsində Lidiyanın könlünü qazanmağı bacaran aktyor onun razılığını alıb.
Cütlük 1973-cü ildə ailə həyatı qurub. Onların Cəmalə adlı bir qız övladı dünyaya gəlib.
Lidiya Mirzəyevanın illər sonra söylədiyi sözlər isə ailələrinin münasibətini ən yaxşı ifadə edən xatirələrdən biri kimi yadda qalıb: “Məndən bəzən soruşurdular ki, niyə tək uşaq? Deyirdim ki, mənim iki uşağım var – Ceyhun və Cəmalə.”
Vüsalə









