Məşhur Azərbaycan filminin çəkildiyi dəyirman qəzalı vəziyyətdə - FOTO
“Arxadan vurulan zərbə” bədii filmində Cəbinin öldürüldüyü səhnənin çəkildiyi dəyirman hazırda qəzalı vəziyyətdədir.
ERAmedia xəbər verir ki, Şəkinin Bideyiz kəndində yerləşən tarixi dəyirmanın bərpa olunaraq turizm məkanına çevrilməsi təklif edilir. Bildirilir ki, bu məkan “Ögey ana” və “Bəyin oğurlanması” filmlərinin çəkildiyi, sonradan turizm baxımından maraq doğuran məkanlar kimi ziyarətçilərin diqqətini cəlb edə bilər.
Mövzu ilə bağlı paylaşımı sosial şəbəkədə Toğrul İsmayılov edib. O, Azərbaycanın kino irsi baxımından əhəmiyyət daşıyan bu dəyirmanın qorunmasının vacibliyini vurğulayaraq, onun bərpasının həm mədəni irsin yaşadılmasına, həm də bölgənin turizm potensialının artırılmasına töhfə verəcəyini qeyd edib.
Qeyd edək ki, Şəkinin Bideyiz kəndində yerləşən bu köhnə dəyirman Azərbaycan kinosunun yadda qalan ekran əsərlərindən olan “Arxadan vurulan zərbə” filminin mühüm səhnələrindən birinin çəkildiyi məkan kimi tanınır. Tarixi tikilinin bərpası onun gələcəkdə kino və tarix həvəskarlarının ziyarət etdiyi məkanlardan birinə çevrilməsinə imkan yarada bilər.









