Məşhur futbolçu itlərin hücumuna məruz qaldı – Vəziyyəti ağırdır
Braziliyadan məşhur futbolçu Lusiano Sançes ilə bağlı narahatedici xəbər yayılıb.
ERAmedia xəbər verir ki, tətil məqsədilə Rio de Janeiro şəhərində olan futbolçu it hücumuna məruz qalaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin səhər saatlarında Rio şəhərinin Barra da Tijuca rayonunda baş verdiyi bildirilir. Gəzinti zamanı nəzarətdən çıxan iki itin hücumuna məruz qalan oyunçu ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində xilas edilib.
Bədəninin müxtəlif nahiyələrində dərin xəsarətlər alan Lusiano Sançes ilkin tibbi yardımdan sonra “Hospital Copa Star” xəstəxanasına aparılıb. Həkimlərin verdiyi məlumata görə, futbolçunun vəziyyəti ağır olaraq qalır və tənəffüsün təmin edilməsi üçün o, süni nəfəs aparatına qoşularaq entubasiya olunub.
Futbolçunun çıxış etdiyi klub və azarkeşləri onun səhhətinin yaxşılaşacağı ilə bağlı ümidlərlə xəbərləri izləyir. Hadisə Braziliya mediasında geniş rezonans doğurub, polis isə faktla bağlı araşdırmalara başlayıb.









