Məşhur müğənni toyunda fantastik məbləğ xərclədi
Dünyanın məşhur müğənnisi Dua Lipa ilə aktyor Kallum Törner İtaliyanın Palermo şəhərində təşkil olunan dəbdəbəli mərasimlə evliliklərini qeyd ediblər. Ötən həftə Londonda rəsmi nikah bağlayan cütlük ailə üzvlərinin və yaxın dostlarının iştirak etdiyi ikinci mərasimdə bir daha bir-birinə “hə” deyib.
ERAmedia xəbər verir ki, 30 yaşlı Dua Lipa və 36 yaşlı Kallum Törner Palermonun tarixi tikililərindən biri olan XVIII əsrə aid “Villa Valguarnera” malikanəsində ailə həyatı qurublar. Hündür ağaclarla əhatə olunan açıq hava mərasimində cütlüyün ailə üzvləri və yaxın dostları ilə yanaşı, musiqi dünyasının tanınmış simaları da iştirak ediblər. Tədbirə Çarli XCX, Mark Ronson və Teym İmpala kimi məşhurlar qatılıb.
Mərasimin ən diqqətçəkən anlarından biri isə musiqi əfsanəsi Elton Cohnun səhnəyə çıxması olub. Cütlük nikah andlarını yenilədikdən sonra Elton Con yeni evlilər üçün “Your Song” mahnısını ifa edərək sürpriz edib. Xatırladaq ki, Dua Lipa və Elton Con daha əvvəl böyük uğur qazanan “Cold Heart” layihəsində birlikdə çalışıblar.
Toyun ən çox maraq doğuran məqamlarından biri də Dua Lipanın gəlinliyi olub. Moda dairələrində yayılan iddialara görə, məşhur müğənninin gəlinliyi tanınmış modelyer Donatella Versaçe tərəfindən xüsusi olaraq hazırlanıb. Bildirilir ki, Donatella Versaçe toy öncəsi təşkil olunan kokteyl qəbulunda da iştirak edib.
Dua Lipa toy şənlikləri çərçivəsində seçdiyi arxası açıq ağ rəngli “Bottega Veneta” geyimi ilə diqqət çəkib. Müğənni obrazını “Bulgari” zinət əşyaları və təxminən 185 min funt sterlinq dəyərində olan lüks saatla tamamlayıb. Həmçinin 2 580 funt sterlinq dəyərində “Bottega Veneta” çantası da onun kombinini tamamlayan aksesuarlardan olub.
Nikah mərasimindən sonra qonaqlar üçün Romadan dəvət olunmuş iki “Michelin” ulduzlu aşpaz tərəfindən hazırlanan xüsusi şam yeməyi təqdim edilib. Yeməkdən sonra başlayan əyləncənin səhərə qədər davam etdiyi və məşhur qonaqların gecə boyu şənləndiyi bildirilir.
İngiltərə mətbuatının məlumatına görə, Dua Lipa toy təşkilatı səbəbindən Palermo şəhərinin bəzi meydanlarının nəqliyyat üçün müvəqqəti bağlanmasına görə ətrafda yaşayan sakinlərə təşəkkür məqsədilə 5 min funt sterlinq ödəyib. Cütlüyün tədbiri üçün şəhər mərkəzindəki bəzi ərazilərdən müvəqqəti istifadə olunduğu qeyd edilir.
Təxminən 1,5 milyon funt sterlinqə (təqribən 3,4 milyon manat) başa gəldiyi bildirilən toy mərasimi dəbdəbəsi və məşhur qonaqları ilə ilin ən çox müzakirə olunan tədbirlərindən biri olmağa namizəddir.









