media-videoedited
media-567696012_872261775322969_6853296399870401819_n
media-shehidler_olmez_baner_full
Azərbaycan Mətbuat Şurasında Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun 50 illik yubileyi ilə bağlı toplantı keçirilib.
ERAmedia xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid M.Qəribovu təbrik edərək onun Azərbaycan jurnalistikasına və ədəbi mühitinə verdiyi töhfələrdən söz açıb, həm elmi-publisistik, həm də media sahəsindəki səmərəli fəaliyyəti ilə hər zaman seçiiməsindən danışıb və yubilyara şuranın diplomunu təqdim edib.
R.Məcid bildirib ki, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri olan Mahir Qəribov 50-dən artıq elmi məqalənin müəllifidir və onun Azərbaycan Televiziyasında “Tarixin izi ilə” silsiləsindən hazırladığı 170-dən artıq sənədli filmi, “Gerçəklər”, “Türk yurdu” verilişləri, həmçinin “Qərbi Azərbaycan kəndləri” adlı 58 videoçarxı “Mədəniyyət” kanalında yayımlanıb, Əhməd bəy Ağaoğlunun mətbu fəaliyyəti haqqında silsilə məqalələləri “Füyuzat” jurnalında dərc olunub.
Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli Mahir Qəribovun elmi, ictimai və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib, milli mətbuatımızın gələcək inkişafı üçün mühüm örnək olduğunu bildirib. Professorun sözlərinə görə, Mahir Qəribovun yaradıcılığında birləşən bu iki istiqamət – elm və sənət yubilyarı müasir Azərbaycan ziyalısının parlaq simasına çevirir onun kamerası da, qələmi də vicdanlı, məsuliyyətli və vətənpərvər bir baxışın ifadəsidir.
Publisist Bəxtiyar Qaraca yubilyarın səmərəli əmək fəaliyyətindən bəhs edərək, onun çəkdiyi filmlərin həm yüksək peşəkarlıq, həm də dərin vətənpərvərlik ruhu ilə seçildiyini, sadəcə ekran əsəri deyil, milli kimliyimizin, tariximizin və mənəvi dəyərlərimizin təbliği baxımından mühüm ictimai missiya daşıdığını söyləyib.
Toplantıda çıxış edənlərdən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, “Vedibasar” qəzetinin baş redaktoru, yazıçı-publisist Nəsibə İsrafilqızı, yazıçı Həcər Paşayeva, Azərbaycan Radiosunun əməkdaşı Aybəniz Məmmədəliyeva, ehtiyatda olan polkovnik Sadir Məmmədov, Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə, Azərbaycan Televiziyasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Natavan Dəmirçioğlu, Xocalının sabiq polis rəisi Sabir Məmmədov, yubilyarın dayısı Hafis Abbasbəyli, dostu Rahim Qədimov, qohumu Ayaz Əliyev və qızı Lalə Qəribova çıxışlarında yubilyarın həyat və yaradıcılıq yolundan geniş bəhs ediblər. Mahir Qəribovun fəaliyyəti ilə millətinə, dövlətinə sədaqətli bir ziyalı obrazı yaratdığını, çəkdiyi sənədli filmlərin, videoçarxların xalqımızın yaddaşına, milli kimliyinə və tariximizin təbliğinə xidmət etdiyini vurğulayıblar.

media-adspc

Bənzər xəbərlər