media-prezident_avtobus_311024_14

Avqustun 15-dən “28 May”–“Nizami” metro stansiyaları arasında hərəkətin dayandırılması ilə bağlı görülən tədbirlər və sərnişin yükünü azaltmaq üçün ekspress avtobusların təşkil edilməsi müsbət addımlardır.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sərnişinlərin, xüsusilə həssas qrupların məcburi transfer və əlavə xərclərlə üzləşməsi məsələsinə diqqət çəkib.

Osman Gündüz bildirib ki, AYNA rəhbəri Anar Rzayev Real TV aparıcısının sərnişinlərə güzəşt tətbiqi ilə bağlı sualını cavablandırarkən pulsuz daşınmanın daha çox aeroport kimi qapalı sistemlərdə mümkün olduğunu deyib. Onun sözlərinə görə, şəhərdə ekspress avtobuslardan yalnız metrodan çıxan sərnişinlər deyil, digər vətəndaşlar da istifadə edə bilər. Bundan başqa, metrodan çıxanların bir qismi başqa ümumi marşrutlara da keçə bilər və bu, sərnişinlərin fərqləndirilməsini çətinləşdirər.

Osman Gündüz qeyd edib ki, klassik, oflayn sərnişin idarəetməsi baxımından bu arqumentdə müəyyən məntiq görmək mümkündür. Lakin rəqəmsal transformasiya baxımından bu yanaşma ilə razılaşmaq mümkün deyil.

“Axı rəqəmsallaşma elə bu tip problemləri həll etmək üçündür. Dünyada belə məsələlər sərnişini fiziki olaraq ‘metrodan çıxan’ və ‘küçədən minən’ kimi ayırmaqla deyil, rəqəmsal ödəniş sisteminin transferi tanıması ilə həll edilir. Bunun müxtəlif texnoloji modelləri var”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bunun üçün Bakıda artıq müəyyən baza da mövcuddur. BakıKart metro və avtobuslarda istifadə olunur, ölkədə QR və NFC kimi rəqəmsal ödəniş imkanları tətbiq edilir.

Osman Gündüz xatırladıb ki, Prezidentin 7 may 2026-cı il tarixli Fərmanı ilə BakuBus Metropolitenə birləşdirilib. Bu proses çərçivəsində müxtəlif nəqliyyat növlərinin inteqrasiyası, vahid idarəetmə və rəqəmsal ödəniş həllərinin tətbiqi qarşıya məqsəd qoyulub.

“ Məsələn, sistem metrodan çıxmış sərnişinin müəyyən vaxt ərzində avtobusa keçidini tanıya və ona pulsuz və ya güzəştli transfer tətbiq edə bilər”, – deyə o bildirib.

Ekspert AYNA-nın informasiya sistemlərinin təkmilləşdirilməsi üçün bu yaxınlarda təxminən 14 milyon manatlıq satınalma elan etməsinə də diqqət çəkib.

“AYNA-nın öz informasiya sistemlərinin təkmilləşdirilməsi üçün bu yaxınlarda təxminən 14 milyon manatlıq satınalma elan etməsi fonunda ‘sərnişinləri ayırmaq mümkün deyil, hamı ekspressə minəcək’ arqumenti xüsusilə təəccüblü səslənir”, – deyə Osman Gündüz qeyd edib.

Onun fikrincə, metroda aparılan işlər, ekspress avtobusların təşkili, ictimai dinləmələrin keçirilməsi, dayanacaqlarda əlavə şərait yaradılması və digər tədbirlər təqdirəlayiqdir. Bununla belə, dövlətin zəruri layihəsi nəticəsində sərnişinlərin, xüsusilə tələbələrin aylarla əlavə xərc çəkməsinin normal hesab edilməsi doğru deyil.

Osman Gündüz hesab edir ki, xərclərin ən azı bir hissəsinin kompensasiya edilməsi üçün imkanlar mövcuddur. O, AYNA-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində, Metropolitenin isə AZCON strukturunda olduğunu xatırladaraq bu qurumları birləşdirən ortaq xəttin RİNN olduğunu vurğulayıb.

“Düşünürəm ki, RİNN məsələyə müdaxilə etməli, rəqəmsal güzəştli transfer modelinin hazırlanmasına dəstək verməlidir. Ölkənin vahid rəqəmsal arxitekturasının qurulması ilə bağlı bir müddət öncə Prezidentin verdiyi tapşırıqların mahiyyəti də məhz budur”, – deyə o bildirib.

Osman Gündüz əlavə edib ki, rəqəmsal transformasiyanın əsas üstünlüklərindən biri fiziki olaraq ayırmaq mümkün olmayan proseslərin data və texnologiya vasitəsilə idarə edilməsidir.

“Rəqəmsal transformasiyanın üstünlüyü ondadır ki, fiziki olaraq ayıra bilmədiyimizi data və texnologiya ilə ayıra bilək”, – deyə o vurğulayıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər