media-17017570393705127185_1200x630

Görkəmli Azərbaycan aktyoru Həsənağa Salayevin (1921–1981) anım günüdür.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Xaqani Səfəroğlu Həsənağa Salayevin milli düşüncəsi, müstəqil Azərbaycan ideyasına münasibəti və ailəsinin faciəli taleyi barədə diqqətçəkən məlumatlar açıqlayıb.

Xaqani Səfəroğlu bildirib ki, Həsənağa Salayev hələ 1950-ci illərdə Məhəmməd Əmin Rəsulzadədən danışır, Azərbaycanın hökmən müstəqil dövlət olacağını deyirdi. Sovet dövrünün siyasi reallıqları nəzərə alındıqda, bu fikirlərin açıq şəkildə səsləndirilməsi olduqca cəsarətli mövqe kimi qiymətləndirilə bilər.

Jurnalistin sözlərinə görə, Bəxtiyar Vahabzadə xatirələrində “Gülüstan” poemasına görə təqiblərə məruz qaldığı və evdə məhkum olunduğu dövrdə hər gün naməlum bir şəxsin qapısının qarşısına ərzaqla dolu zənbil qoyduğunu yazıb. Vahabzadə illər sonra bunun Həsənağa Salayev olduğunu təsadüfən öyrənib.

Xaqani Səfəroğlu qeyd edib ki, Həsənağa Salayevin həyat yoldaşı Sərvət xanım da onun müstəqil dövlətçilik ideyalarından danışdığını xatırlayırdı.

“Sərvət xanımın xatirələrinə görə, Həsənağa müəllim arabir kefi saz olanda müstəqil dövlətçilik ideyalarından, Məmməd Əmin Rəsulzadədən söz açırdı. O, nə vaxtsa sovet hökumətinin dağılacağını söyləyirdi”, – deyə jurnalist bildirib.

Onun sözlərinə görə, həmin dövrdə bu fikirlər ətrafındakılar tərəfindən daha çox xülya kimi qəbul edilirdi.

Xaqani Səfəroğlu bildirib ki, Həsənağa Salayev ömrünün ən parlaq dövründə, 54 yaşında iflic keçirib və yataq xəstəsi olub. Bundan sonra aktyorun həyatı ağırlaşıb, zaman keçdikcə isə cəmiyyət tərəfindən də unudulub.

Jurnalistin açıqlamasında qeyd olunur ki, xəstə yatarkən həyat yoldaşı Sərvət xanım onu ovundurmaq məqsədilə bir gün soruşub:

“– Həsənağa, bəs deyirdin sovet hökuməti dağılacaq, bəs niyə dağılmır?”

Həsənağa Salayev isə belə cavab verib:

“– O günü mən görməsəm də, sən görəcəksən, Sərvət! Məzarımın üstünə gəlib mənə də xəbər verərsən!”

Həsənağa Salayev 1981-ci ildə vəfat edib.

Xaqani Səfəroğlu aktyorun ailəsinin sonrakı taleyinin də faciələrlə müşayiət olunduğunu diqqətə çatdırıb.

Həsənağa Salayevin iki oğlu olub. Böyük oğlu Dəryanur Salayev 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib və Şuşanın müdafiə batalyonunda döyüşüb.

Dəryanur Salayev 1992-ci ilin fevralında Şuşanın hərbi komendantı Rəhim Qazıyevə sui-qəsd hücumu zamanı həlak olub.

Aktyorun ikinci oğlu isə 2011-ci ildə vəfat edib. Həyat yoldaşı Sərvət xanım ömrünün son illərini ağır şəraitdə, kirayə mənzillərdə keçirib və 2020-ci ildə dünyasını dəyişib.

Xaqani Səfəroğlu Həsənağa Salayevin Azərbaycan kinosundakı maraqlı məqamlarından birinə də toxunub.

Onun sözlərinə görə, “Dəli Kür” filmində Cahandar ağa obrazına məhz Həsənağa Salayev təsdiq olunubmuş. Lakin səhhəti ilə əlaqədar aktyor çəkilişlərdə iştirak etməkdən imtina edib və Cahandar ağa rolunun Ələddin Abbasova verilməsini təklif edib.

Bununla belə, Həsənağa Salayev filmdə Cahandar ağanı səsləndirib.

Beləliklə, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri olan Həsənağa Salayev yalnız yaratdığı obrazlarla deyil, sovet dövrünün ağır siyasi şəraitində qoruduğu milli düşüncəsi və müstəqil Azərbaycan ideyasına inamı ilə də xatırlanır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər