media-sei_2521161341

Futbol oynamaq sağlamlıq üçün yaxşı bir vərdişdir. Futbola baxıb zövq almaq da eləcə.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, futbol xəstəsi olmaq artıq məntiqdən uzaq davranışdır.

Deputatın sözlərinə görə, insanın hər hansı sahəyə maraq göstərməsi normaldır, lakin fanatizm səviyyəsinə çatdırmaq cəmiyyət üçün təhlükəli düşüncə forması yaradır. O qeyd edib ki, bu yanaşma yalnız futbola deyil, dinə və siyasətə münasibətdə də özünü göstərir.

“Dindar olmaq düzənli və məsuliyyətli ömür yaşamaq deməkdir. İbadət minimumlarını yerinə yetirmək də insanın düşüncə imkanlarını daraltmadıqca faydalıdır. Din xəstəsi olmaq, hələ-hələ məzhəb xəstəsi olmaq sadəcə vəhşilikdir”, – deyə o bildirib.

Deputatın fikrincə, demokratiya məsələsində də oxşar vəziyyət müşahidə olunur. Onun sözlərinə görə, demokratiyadan yana olmaq insanın qanunlara və ətrafındakı insanlara sayğılı davranmasını tələb edir və demokratik yaşam tərzini təbliğ etmək prinsipial mövqedir. Lakin o hesab edir ki, “demokratiya xəstəliyinə” tutulmaq reallıq hissini itirməklə müşayiət olunan bir əbləhlikdir.

Fazil Mustafa insanları hər hansı ideologiyanın, şəxsin və ya anlayışın fanatına çevrilməməyə çağırıb. Deputat bildirib ki, insan öz faydalı maksimumlarını və minimumlarını anlayan bir fərd olmalıdır. Onun fikrincə, yalnız bu halda insan baxışı, davranışı və mövqeyi ilə cəmiyyətə zərər verməz və fərqli ideologiyaların kor-koranə nökərinə çevrilməz.

Deputat bu fikirləri səsləndirməsinə səbəb olan bir müşahidəni də bölüşüb. Onun sözlərinə görə, bəzi insanlar dünyanın dəyişən reallıqlarını görməzlikdən gələrək yalnız keçmişə sığınmağa çalışırlar. “Ağılla əldə etdikləri yeni texnoloji üstünlüklə evin sonuncu adamına qədər insanları məhv edirlər, amma kimsə yenə də deyir ki, guya onlar bizim tariximizi yaxşı bilmirlər. Onların nəyinə lazımdır sənin minillik tarix mübahisələrin?” – deyə o vurğulayıb.

Deputatın fikrincə, tarixə və dini mirasa həddindən artıq romantik yanaşma insanı çağdaş dünyanın reallıqlarından uzaqlaşdırır. O hesab edir ki, əgər keçmiş insanın bu gününü inkişaf etdirmək əvəzinə onu geridə saxlayırsa, həmin yanaşma yenidən nəzərdən keçirilməlidir.

F.Mustafa bildirib ki, müasir dünyada əsas məsələ düşüncənin yenilənməsi və insanın özünü yenidən qurmasıdır. Onun sözlərinə görə, məşhur müsəlman filosofu Məhəmməd İqbal bu prosesi “insanın və imanın yenidən inşası” kimi xarakterizə edirdi.

Deputatın qənaətincə, əgər bu yenidən inşa baş verməzsə, dünyada güclü dövlətlər zəif və geri qalmış cəmiyyətlərə “əxlaq dərsi” verməyə davam edəcək. O bildirib ki, qlobal zalım ilə lokal zalım arasında fərqi müəyyənləşdirmək çətinləşir və nəticədə cəmiyyətlər bu qarşıdurmaların qurbanına çevrilir.

“Əgər düşüncə və dəyərlərimizi yenidən inşa etməsək, qlobal zalım bundan sonra da lokal zalıma əxlaq öyrətməkdə davam edəcək”, – deyə o əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər