Məzunlar 50 ildən sonra Xankəndidə toplandılar
1972–1976-cı illərdə Xankəndi Pedaqoji İnstitutunda təhsil almış məzunlar 50 illik yubileyləri münasibətilə Xankəndi şəhərində bir araya gəliblər.
ERAmedia-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarım əsr sonra Xankəndidə görüşən məzunların baş çəkdikləri ilk ünvan bir zamanlar tələbə olaraq təhsil aldıqları keçmiş Xankəndi, indiki Qarabağ Universiteti olub. Məzunlar universitetdə yaradılan müasir təhsil infrastrukturu ilə tanış olub, auditoriyaları və müasir avadanlıqlarla təchiz edilmiş tədris korpuslarını gəziblər. Onlara ali məktəbdə yaradılan təhsil imkanları və burada həyata keçirilən layihələr barədə məlumat verilib. Bu səfər 50 il əvvəl Xankəndidə tələbə həyatı yaşayan məzunlar üçün həm nostalji, həm də qürur hissi yaşadıb.
Məzunlar səfər çərçivəsində Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə də tanış olublar. Onlara şəhərin müasir infrastrukturu, yenilənən küçə və məhəllələri, yeni tikilən sosial obyektlər barədə məlumat verilib.
Məzunlar illər sonra doğma şəhərdə yenidən bir araya gəlməyin, Xankəndinin inkişafını və dəyişən simasını öz gözləri ilə görməyin böyük xoşbəxtlik olduğunu bildiriblər. Səfərin növbəti ünvanı isə Zəfər Parkı olub. Burada onlar Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirildiyi məkanla tanış olublar.
50 il sonra Xankəndidə keçirilən bu görüş məzunlar üçün yalnız yubiley tədbiri deyil, həm də doğma Qarabağa dönüşün, tarixi yaddaşın və keçmişlə bu günün qovuşmasının rəmzinə çevrilib.









