media-european_parliament_110322jpg_1766704881

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi son qətnamədən sonra Milli Məclisin bu qurumla əməkdaşlığın dayandırılması və Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi ilə bağlı qərarı cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə qərarın mahiyyəti ilə bağlı fərqli və bəzən təhrif olunmuş yanaşmalar da səsləndirilir.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, bəzi dairələr məsələni yanlış təqdim edərək guya Avropa Parlamentinin Azərbaycandan demokratiya və insan hüquqları ilə bağlı tələblərinə görə rəsmi Bakının bu addımı atdığını iddia edirlər. Onun sözlərinə görə, bu yanaşma reallığı əks etdirmir.

Sabiq deputat qeyd edib ki, Vətən müharibəsindən sonra Avropa Parlamenti Azərbaycanla bağlı 15-ə yaxın qətnamə qəbul edib və həmin sənədlərin hamısında ölkəmizə qarşı birtərəfli və qərəzli mövqe nümayiş olunub. “Bu qətnamələrdə ritorikanın getdikcə sərtləşməsi və sanksiya çağırışlarının artması açıq şəkildə müşahidə olunur. Formal olaraq beynəlxalq hüquqa istinad edilsə də, əslində Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür”, – deyə o vurğulayıb.

Q. Əlibəyli bildirib ki, bu ittihamlar əsasən Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı iddiaları, guya “blokada”, mədəni irsin dağıdılması və digər məsələləri əhatə edir. Halbuki, onun sözlərinə görə, bu qətnamələrdə azərbaycanlıların Ermənistandan deportasiyası, işğal dövründə etnik təmizləmə və mədəni irsin məhv edilməsi kimi faktlara ümumiyyətlə toxunulmur.

Sabiq deputat Avropa Parlamentinin sonuncu qətnaməsində yer alan bəzi müddəalara da diqqət çəkib. O bildirib ki, sənəddə Azərbaycanın əleyhinə olan bəndlərin Ermənistanın daxili demokratik inkişafı ilə heç bir əlaqəsi yoxdur və bu, qurumun qərəzli mövqeyini bir daha nümayiş etdirir.

“Bu cür yanaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və regionda sülh prosesinə xidmət etmir, əksinə, onu təhlükə altına qoyur. Avropa Parlamenti sülhə dəstək vermək əvəzinə, faktiki olaraq prosesi zəiflədən addımlar atır”, – deyə Q. Əlibəyli əlavə edib.

Onun fikrincə, hazırkı geosiyasi şəraitdə Avropanın özü ciddi problemlərlə üz-üzədir və belə bir vaxtda Avropa Parlamentinin bu cür mövqe sərgiləməsi vəziyyəti daha da mürəkkəbləşdirir. “Belə bir qurumla formal əməkdaşlığın saxlanmasının real əhəmiyyəti yoxdur. Milli Məclisin qəbul etdiyi qərar düzgün və vaxtında atılmış addımdır”, – deyə sabiq deputat vurğulayıb.

Qulamhüseyn Əlibəyli sonda qeyd edib ki, bu qərar Azərbaycanın ümumilikdə Avropa strukturları ilə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir, sadəcə konkret bir qurumla münasibətlərə yenidən baxılmasıdır.


media-adspc

Bənzər xəbərlər