media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-17574248515790813649_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Sentyabrın 9-da Milli Məclisinin növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası keçirilib.

ERAmedia xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasın mühüm bir məsələyə həsr olunduğunu deyib. O bildirib ki, Prezident İlham Əliyev avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfər edib: “Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir. Belə ki, Vaşinqton razılaşmaları yalnız Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə ciddi şəkildə təsir göstərən tərəfləri ilə yadda qaldı”.

Milli Məclisin sədri deyib ki, böyük liderləri fərqləndirənən mühüm xüsusiyyətlər onların dövlətçilik təfəkkürü, strateji və yaradıcı düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə və ardıcıl surətdə həyata keçirir, yeni tarixi reallıqları yaradır. Vaşinqton razılaşmaları da, ilk növbədə, məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı əldə edilmiş razılaşmalar Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir.

Bu hadisənin Konstitusiya və Suverenlik ilində baş verməsi isə dərin rəmzi məna daşıyır. Ulu Öndərin dövlətçilik irsi və yaratdığı dəyərlər onun layiqli davamçısı olan Prezidentin fəaliyyəti ilə qorunub saxlanılır və daha da zənginləşdirilir.

Milli Məclisin sədri vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu. Digər bir mühüm məqam ondan ibarətdir ki, bu razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərti təsbit etdi. İlk nəticə olaraq, artıq ATƏT-in Minsk qrupu ləğv olundu. İnanırıq ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar heç bir kənar müdaxilə olmadan tam şəkildə yerinə yetiriləcək, Ermənistanın Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaq.

Sonra iclasda mövzu ilə bağlı deputatların çıxışları dinlənilib.

Bildirilib ki, Vaşinqton razılaşmaları ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərdən biridir və onun “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi rəmzi xarakter daşıyır. Qeyd olunub ki, bu mühüm razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənib. ATƏT-in Minsk qrupunun ləğv edilməsi isə münaqişənin başa çatmasının və əlavə heç bir vasitəçiyə ehtiyac qalmadığının göstəricisidir. Diqqətə çatdırılıb ki, Azərbaycan postsovet məkanında öz ərazisini işğaldan azad etmiş yeganə ölkədir.

Deputatlar bildiriblər ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin görüşünə dair Birgə Bəyannamə imzalandı, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə edildi. Qeyd olunub ki, bu razılaşmalar, eyni zamanda, Azərbaycanın ABŞ ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir və ölkəmizin beynəlxalq iqtisadi inteqrasiyasının daha da genişlənməsinə öz töhfəsini verəcək. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizi yaranmaqda olan yeni tarixin mühüm layihəsi olacaq və onun açılması Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı, Avropa və Asiyanı, həmçinin bütün Türk dünyasını birləşdirəcək.

Deputatların sözlərinə görə, Ağ Evdə uzun illər Azərbaycana qarşı ədalətsiz sanksiya kimi istifadə olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqini dayandırması isə ikitərəfli münasibətlərdə yeni və olduqca parlaq bir səhifənin açılmasının simvolu oldu. Onlar ABŞ Prezidenti Donald Trampın bu qərarı məhz Prezident İlham Əliyevin iştirakı ilə imzalamasını dövlətimizin başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsi kimi qiymətləndiriblər.

Qeyd olunub ki, dünyanın fövqəldövləti olan ABŞ və onun paytaxtında qəbul olunan qərarlar bütün qlobal proseslərə təsir göstərir. Çıxış edənlər əminliklə bildiriblər ki, Vaşinqtonda əldə olunmuş razılaşmalar ümumilikdə Cənubi Qafqazın gələcək inkişafında mühüm dönüş nöqtəsi olacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu uğurları artan silsilə ilə davam edəcək, ölkəmiz yeni dünya nizamında öz layiqli yerini qoruyacaq.

Müzakirələr başa çatdırdan sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açıb. Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə edib, həm də regionda yeni geosiyasi reallıqlar yaradıb. Vurğulanıb ki, Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər