Milli Qəhrəmanımız Rusiyadan təyyarəni neçə qaçırtdı? - DETALLAR
Azərbaycanın Milli Qəhrəmanı Qurbanov Vaqif Bəxtiyar oğlu 1967-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Borisoqlebsk Pilot Məktəbinə daxil olub. Məzun olduqdan sonra Sovet Ordusunda xidmət edib və baş leytenant rütbəsinə yüksəlib. Xidmətə Sitalçayda (Xızı rayonu) yerləşən 80-ci Aviasiya Alayında başlayıb.
ERAmedia xəbər verir ki, AMEA-nın elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zaur Əliyevin bildirdiyinə görə, 1992-ci il aprelin 8-də 25 yaşlı baş leytenant Vaqif Qurbanov iki azərbaycanlı – təyyarə texniki leytenant Məmmədov və təyyarə mexaniki gizir Quliyevin köməyi ilə Sitalçay aerodromundan Su-25 hücum təyyarəsini havaya qaldıraraq mülki Yevlax aerodromuna endirib.
O, bu planı Qarabağda müharibə başlayandan hazırlamış və uyğun anı gözləmişdi. Orada xidmət edən azərbaycanlıların ona kömək edəcəyini bilirdi və təyyarənin texniki baxışdan keçirilməsini onlardan xahiş etmişdi.
Rusiya rəhbərliyi dərhal təyyarənin geri qaytarılmasını tələb edib. Daha sonra Rusiya Müdafiə Nazirliyi qaçırılan təyyarənin məhv edilməsi barədə əmr verildiyini açıqlayıb. 1992-ci ilin aprelində Gürcüstanın Vaziani aerodromunda yerləşən 982-ci Qırıcı Aviasiya Alayına Azərbaycan təyyarəsini ələ keçirmək üçün iki MiQ-23 təyyarəsini daim döyüş hazırlığında saxlamaq tapşırılıb.
Təyyarənin harada endirildiyi və kimlərin əlinə keçdiyi Rusiyaya məlum deyildi. Sovet Ordusunun Cənubi Qafqaz Hərbi Dairəsinin komandanlığı qaçırılmış təyyarə barədə axtarış elan etmişdi. Heç kimin ağlına gəlməzdi ki, döyüş təyyarəsi Bakıdan 300 km uzaqda yerləşən Yevlaxda gizlədilə bilər, çünki həmin dövr üçün bu yer əlverişli sayılmırdı.
Vaqif Qurbanov Su-25 ilə Qarabağ səmasında ilk dəfə 1992-ci il mayın 8-də – Şuşa şəhəri ermənilər tərəfindən işğal edilən gün görünüb. O, mayın 8-i və 9-da Xankəndində və ətraf erməni kəndlərində cəmləşmiş silahlı qüvvələrə aviazərbələr endirib.
İlk uçuşlarında düşmənin bir neçə canlı qüvvəsini sıradan çıxarıb. Mayın 9-da Qurbanov Laçın üzərində Xankəndindən Ermənistana yaralıları aparan YaK-40 təyyarəsinə hücum edərək onu atəşə tutub. Ermənistanda məcburi eniş edən təyyarədəki sərnişinlər xilas olsalar da, təyyarə tamamilə yararsız vəziyyətə düşüb. Ermənilər sonradan həmin təyyarədə “dinc sakinlər” olduğunu iddia etsələr də, mənbələrdə təyyarədə Qarabağdakı döyüşlərdə yaralanmış erməni və rus hərbçilərinin olduğu yazılırdı.
Erməni mediası Vaqif Qurbanov haqqında yazırdı: “Qurbanovun Əsgəran, Şoş, Xramort və Verinşen istiqamətlərində hücumları zamanı çoxsaylı itkilərimiz oldu”.
Hərbi aviasiyanın döyüşlərdə tətbiqini analiz edən Airwar.ru saytı isə Qurbanovun hava əməliyyatları barədə belə yazırdı: “Qorxmaz pilot erməni separatçılarını vahiməyə salırdı”.
Qəhrəman pilotun son döyüşü 1992-ci il iyunun 13-də baş verib. Ağdərə əməliyyatı başlanandan bir gün sonra həyata keçirilən uçuş zamanı Qurbanov Əsgəranda yerləşən erməni bölmələrinə aviazərbələr endirib. Lakin geri dönüş zamanı onun təyyarəsi vurulub.
O gündən bu günə qədər qəhrəman pilotun taleyi barədə dəqiq məlumat yoxdur. Bəzi hərbçilər onun katapult etdikdən sonra havada gülləyə tuş gəldiyini, digərləri isə yaralı halda əsir götürülüb qətlə yetirildiyini iddia edirlər.
Bir versiyaya görə o, Cövhər Dudayevin məhv edilməsində istifadə olunan xüsusi aşkarlama sistemləri ilə Rusiya qüvvələri tərəfindən vurulub və Su-25 bu texnologiyalara qarşı müdafiəsiz olub. Başqa bir versiyaya görə təyyarə yerdən o dövr üçün müasir rus silahı ilə vurulub.
Deyilənlərə görə, ermənilər onun cəsədini Beyrutdan gəlmiş və Azərbaycan tərəfində əsir olan erməni terrorçusu ilə dəyişməyi təklif etsələr də, həmin vaxt Müdafiə Nazirliyindəki bəzi şəxslər buna razılıq verməyiblər.
Vural Həsənoğlu










