Mina və partlamamış sursatlara dair qrant müsabiqələri elan edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən mina və partlamamış hərbi sursatlar (PHS) probleminə dair qrant müsabiqələri elan olunub. Layihənin tərəfdaşı qismində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edir.
ERAmedia-ya Qarabağ Dirçəliş Fondundan bildirilib ki, müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı maarifləndirmə təşəbbüslərini dəstəkləmək, zərərçəkmiş şəxslərin reinteqrasiyasına yardım göstərmək və işğaldan azad edilmiş ərazilərdə mina risklərinin azaldılması istiqamətində QHT-lərin fəaliyyətini təşviq etməkdir.
Müsabiqədə iştirak etmək istəyən QHT-lər aşağıdakı istiqamətlərdən birini əhatə edən layihələr təqdim edə bilərlər:
– İşğaldan azad edilmiş ərazilərdə, xüsusən keçmiş təmas xəttinin yaxınlığında məskunlaşmış vətəndaşlar (burada daimi yaşayan, işləyən və ya təhsil alan şəxslər daxil olmaqla) arasında mina və PHS təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması;
– Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək;
– İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi.
Qeyd edək ki, müraciətlər oktyabrın 7-dən noyabrın 7-dək qəbul olunacaq. QHT-lər tərəfindən təqdim olunan layihələr sənəd qəbulu başa çatdıqdan sonra ekspertizadan keçiriləcək, qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri isə 2026-cı ilin birinci rübündə elan ediləcək.