Moskva-İrəvan GƏRGİNLİYİ: Paşinyan Rusiyanın “humanitar yardımı”nı rədd etdi
Ermənistan hökumətinin Rusiyanın müxtəlif dövlət qurumlarının Qarabağ ermənilərinə göndərmək istədiyi humanitar yardımdan imtina etməsi regionda siyasi müzakirələrə səbəb olub.
ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu hesab edirbildirib ki, bu qərar təsadüfi deyil və Ermənistan rəhbərliyinin Qarabağ mövzusuna yanaşmasında dəyişiklik olduğunu göstərir.
Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan artıq Qarabağ erməniləri mövzusunu faktiki olaraq bağlanmış hesab edir. Şərhçi qeyd edir ki, Paşinyan bunu iki gün əvvəl Avropa Parlamentindəki çıxışı zamanı da dolayısı ilə ifadə edib. Baş nazir çıxışında Qarabağ ermənilərinin kütləvi şəkildə Ermənistan vətəndaşlığı aldığını bildirərək, onların geri dönüşü siyasətinin yanlış olduğunu, bunun isə Azərbaycanla münasibətləri yenidən gərginləşdirə biləcəyini vurğulayıb.
Ekspertin fikrincə, Paşinyan bu mövzuya nöqtə qoymağa çalışsa da, Moskva “humanitar yardım” məsələsini gündəmdə saxlayaraq Qarabağ məsələsini yenidən aktuallaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, Kreml bu addımla həm regional təsirini qorumağa, həm də Ermənistanda daxili siyasi proseslərə təsir göstərməyə çalışır.
“Rusiyanın Qarabağ ermənilərinə humanitar yardım göndərmək təşəbbüsü əslində siyasi məqsəd daşıyır. Kreml bu mövzudan istifadə edərək Ermənistanda parlament seçkiləri ərəfəsində Paşinyana qarşı narazı qrupları fəallaşdırmağa çalışa bilər”, – deyə Elxan Şahinoğlu bildirib.
Məsələyə münasibət bildirən Mariya Zaxarova isə Ermənistanda yaşayan Qarabağ ermənilərinin guya Rusiyanın humanitar yardımlarına ehtiyacı olduğunu iddia edib.
E.Şahinoğlu isə hesab edir ki, Moskvanın bu mövzuda israr etməsi faktiki olaraq Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər.
Siyasi şərhçinin qənaətinə görə, rəsmi İrəvan Rusiyaya açıq şəkildə “yardıma ehtiyac yoxdur” mesajını versə də, Kremlin əks mövqe nümayiş etdirməsi tərəflər arasında siyasi gərginliyin göstəricisidir. Buna baxmayaraq, Paşinyan hökuməti Rusiyadan göndərilməsi planlaşdırılan “humanitar yardımların” qarşısını almaqda qərarlı görünür.
Vural










