Moskvadakı təxribata sərt reaksiya: “Başlarını itiriblər”
Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısında törədilən təxribatla bağlı sərt açıqlama verilib.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, hadisəyə görə birbaşa Rusiya dövləti məsuliyyət daşıyır.
Komitə sədri qeyd edib ki, müstəqil ölkələrin varlığı müəyyən şovinist dairələri narahat edir.
“Tam başlarını itirmişlər. Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir. İmkanları olsa, bütün dünya xalqlarına savaş elan edərlər”, – deyə Fazil Mustafa bildirib.
Fazil Mustafa Rusiya-Ukrayna müharibəsinə də toxunaraq qeyd edib ki, Rusiya Ukrayna dövlətinə və xalqına yaşatdığı zülmün məsuliyyətini hələ də anlamır.
O bildirib ki, Azərbaycanın hədəf seçilməsi də səbəbsiz deyil:
“Çünki bölgədə ən müstəqil siyasət yeridən dövlət kimi onları yetərincə narahat edirik. Alışa bilmirlər buna”.
Fazil Mustafa vurğulayıb ki, Azərbaycan bütün hallarda etirazlarını ortaya qoymaqla yanaşı, Rusiya ilə münasibətlərdə ehtiyatlı və təmkinli siyasəti davam etdirməlidir.
Mələk Onur










