media-istockphoto-496034328-612x612

Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Çeçenistan rəhbəri Ramzan Kadırov ilk dəfə Azərbaycana səfər edib.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı Kadırovun Bakıya səfərini Moskva və Qroznının maraqları kontekstində qiymətləndirib.

Təhlilçinin fikrincə, Azərbaycan-Rusiya münasibətlərində, xüsusilə İlham Əliyevlə Vladimir Putin arasında təmaslar fonunda müəyyən normallaşma müşahidə olunsa da, AZAL təyyarəsi ilə bağlı məsələ hələ də həllini tapmayıb.

Asif Nərimanlı hesab edir ki, Moskva İrəvanla qarşıdurmanın davam etdiyi və ABŞ-ın regionda fəallığının artdığı bir vaxtda Bakı ilə münasibətlərin normallaşmasına təyyarə məsələsinin mane olmasını istəmir.

“Mümkündür ki, Kreml Kadırovun Bakıya səfəri və Əliyevin qəbulunda birbaşa başsağlığı verməsi ilə təyyarə məsələsini ən azı müəyyən müddətə problem olmaqdan çıxarmağa çalışır. Bununla həm də Bakının mövqeyini yumşaltmaq gedişi edir”, – deyə siyasi təhlilçi bildirib.

Asif Nərimanlının qənaətinə görə, Kadırovun da bu səfərdə öz maraqları var.

Təhlilçi birinci marağın təyyarə böhranında “günah keçisi” roluna düşməmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, təyyarənin vurulmasından sonra Rusiya hərbi elitasında məsələni lokal müstəviyə keçirmək, məsuliyyəti Qroznının üzərinə qoymaq və Kadırovu “qalxana” çevirmək variantı da aktual ola bilərdi.

Lakin Bakının məsuliyyətin birbaşa Moskvanın üzərinə düşməsi ilə bağlı israrlı mövqeyinin bu ssenarinin qarşısını aldığını düşünən təhlilçi hesab edir ki, Kadırov Bakıya səfəri təyyarə böhranında günahkar tərəf kimi görünmək riskindən yayınmaq üçün fürsət kimi dəyərləndirir.

Asif Nərimanlı Kadırovun digər marağının Şimali Qafqazın cənubla münasibətlərindəki mövqeyini qorumaq olduğunu qeyd edib.

Onun fikrincə, təyyarə böhranı Qroznının bu istiqamətdəki mövqeləri üçün müəyyən risklər yaradıb. Kadırovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi isə təkcə Moskvanın maraqlarına xidmət edən diplomatik addım deyil, həm də onun regionun cənubu ilə münasibətlərdəki mövqelərini qorumasına imkan yaradan vasitə kimi qiymətləndirilə bilər.

Təhlilçi Kadırovun Bakıda yüksək səviyyədə qəbul edilməsinin də təsadüfi olmadığını düşünür. Onun sözlərinə görə, Azərbaycan üçün Çeçenistan Şimali Qafqaz siyasətində əhəmiyyətli subyektdir.

Asif Nərimanlının qənaətinə əsasən, Kadırovun Bakı səfəri ilə həm Moskvanın Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdləri, həm də Qroznının regional mövqelərini qorumaq maraqları üst-üstə düşür. Bununla yanaşı, səfər Azərbaycanın AZAL təyyarəsi ilə bağlı məsuliyyət məsələsində Qroznını əsas cavabdeh tərəf kimi görmədiyi barədə siyasi mesaj kimi də şərh oluna bilər.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər