Müasir müharibələrdə üç CƏBHƏ: Gərginlik ekranda başlayır – AÇIQLAMA
Müasir dövrdə müharibələr artıq yalnız cəbhə xəttində aparılmır, gərginlik informasiya məkanında formalaşaraq iqtisadi müstəvidə nəticələnir.

- Eylem Okumuş
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, qarşıdurmalar artıq üç əsas cəbhədə inkişaf edir: liderlərin mesajları, informasiya axını və iqtisadi maraqlar.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə dövlət başçıları ictimai çıxışlarında son dərəcə ehtiyatlı davranırdı, lakin bu model artıq dəyişib: “Bu gün bir paylaşım, bir cümlə belə sahədə bütün planları poza bilər. Sosial media artıq sadəcə ünsiyyət vasitəsi deyil, birbaşa təsir və təzyiq alətidir”.
Ekspert qeyd edib ki, müasir gərginliklər artıq qapalı diplomatik kanallardan çox, açıq platformalarda – sosial şəbəkələrin informasiya axınında formalaşır. Bu isə proseslərin sürətini artırır və geri dönüşü çətinləşdirir: “Bir cümlə real vaxtda balansı dəyişir. Üstünlük artıq hərbi sahədə deyil, informasiya reaksiyalarında ölçülür.”
Eylem Okumuş vurğulayıb ki, informasiya müharibəsi müasir qarşıdurmaların ən təhlükəli istiqamətlərindən biridir. Onun fikrincə, təhrif olunmuş məlumatlar və saxta sənədlər qısa müddətdə geniş auditoriyaya yayılaraq insanların düşüncəsinə təsir edir:
“İnsanlar artıq həqiqəti yox, ilk gördüklərini qəbul edir. Düzəlişlər sonradan gəlsə belə, əksər hallarda təsirini itirir. Bu, zamanında yayılan yanılsamadır və təsiri bəzən real silahdan daha güclü olur”.
Ekspert əlavə edib ki, sosial platformalarda yayılan yanlış məlumatlar ictimai rəyin formalaşmasına birbaşa təsir edir və bu, qərarların qəbuluna qədər uzanan zəncirvari reaksiyalar yaradır.
Mütəxəssis bildirib ki, müharibələrin real nəticəsi çox vaxt cəbhədə deyil, iqtisadi sistem daxilində formalaşır. Onun sözlərinə görə, silah istehsalçıları, enerji şirkətləri, logistika və sığorta sektorları böhranlardan birbaşa fayda əldə edir:
“Enerji xətlərindəki dəyişikliklər, ticarət marşrutlarının yenidən qurulması və artan risklər yeni iqtisadi balans yaradır. Bəzi güclər üçün böhran birbaşa qazanca çevrilir, lakin bunun əvəzini geniş kütlələr ödəyir.”
Eylem Okumuş qeyd edib ki, iqtisadi üstünlük uzunmüddətli perspektivdə strateji üstünlüyə çevrilir və buna görə də müasir münaqişələri yalnız siyasi aspektdən analiz etmək kifayət etmir.
Ekspert hazırkı vəziyyəti qiymətləndirərkən bildirib ki, sahədə müşahidə olunan nisbi sakitlik real sülh mənasına gəlmir: “Bu, daha çox tərəflərin yenidən mövqe tutması və güclənməsi mərhələsidir. Silah səsləri azalsa da, informasiya müharibəsi və iqtisadi rəqabət davam edir”.
Onun sözlərinə görə, liderlərin açıqlamaları, manipulyasiya olunan məlumatlar və formalaşdırılan ictimai rəy reallığın qavranılmasına ciddi təsir edir.
Sonda Eylem Okumuş xəbərdarlıq edib ki, mövcud sakitlik cəmiyyətlərdə yanlış təhlükəsizlik hissi yarada bilər: “Ən güclü fırtınalar çox vaxt məhz belə sakitliklərdən sonra başlayır. Hazırlıqsız olanlar isə bunun nəticələrini daha ağır şəkildə hiss edir”.










