"Müəllimlik mənim üçün bir şərəfdir" - RƏY
(Ən ali Beynəlxalaq Təhsil Konfransında məruzəçi olan istedadlı pedaqoq təəssüratlarını danışarkən belə dedi)
ADA Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən 9-cu ADA Beynəlxalq Təhsil Konfransında Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə N. Şirinov adına 5 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Nərminə Əzizli Elman qızının təqdim etdiyi məqalə yüksək dəyərləndirilmiş və o, konfransda məruzəçilərdən biri olmuşdur. ADA Universitetinin rektoru, akademik Hafiz Paşayevin və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin iştirak etdiyi möhtəşəm təhsil konfransında İmişli müəlliminin “Müasir məktəblərdə xarici-dil üzrə buraxılış imtahanlarının şifahi hissəsinin metodiki əhəmiyyəti və təşkili xüsusiyyətləri” barədə təqdimatı maraqla qarşılanmış və onun məqaləsi Konfransın Elmi Məruzələr toplusuna daxil edilmişdir. Konfransda müasir təhsilin hədəfləri, süni intellekt dövründə öyrənmə, eləcə də təhsilin inkişaf prespektlərindən geniş şəkildə danışılmış, keyfiyyətli təhsil üçün peşəkar müəllimin, güclü universitetin və milli-mənəvi dəyərləriə söykənən müasir məzmunun olması kimi fikirlər səslənmişdir. Nərminə müəllimə təəssüratlarını bizimlə bölüşərkən təqdimatının sevincindən qürur duyduğunu bildirdi. Qeyd etdi ki, mən bir müəllim kimi hər gün axtarışda olmasam, gündəlik fəaliyyətimi təhlil edib, qəlbimdə özünüqiymətləndirmədən keçirməsəm rahatlıq tapa bilmirəm. MÜƏLLİMLİK MƏNİM ÜÇÜN BİR ŞƏRƏFDİR! O yolun yolçuluğunda qəlbimdə şagirdlərimə sonsuz sevgi var. Onun qarışığı və üstəgəl valideynlərimin fəaliyyətimə verdiyi dəyər ən ali mükafatımdır. Bu arada deyim ki, Nərminə Əzizli 2024-cü ildə keçirilən sertifikasiya imtahanında 57 bal toplamış, yüksək peşə hazırlığına malik bir ingilis dili müəllimidir. Təlim gösrəricilərinə görə Mil-Muğan Regional Təhsil İdarəsi onun əməyini dəyərləndirib Fəxri Fərmana layiq bilmişdir. Peşəsini özünə şərəf bilən və ondan zövq alan Nərminə müəllimə daha böyük uğurlar arzulayırıq.
Səxavət TAĞLAR,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı









