media-1765782510_nura-suri

Müğənni Nura Suri sosial şəbəkələrin cəmiyyətə təsiri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

ERAmedia-nın məlumatına görə, Nura Suri bildirib ki, müasir dövrdə insanların seçimləri artıq öz istəklərindən çox, alqoritmlərin yönləndirməsi ilə formalaşır.

Onun sözlərinə görə, bu vəziyyət xüsusilə musiqi və alış-veriş sahəsində açıq şəkildə hiss olunur. “İnsanlar baxdıqlarını, dinlədiklərini və aldıqlarını çox vaxt özləri seçmir. Sosial şəbəkələr və platformalar onlara nə təqdim edirsə, onu qəbul edirlər. Bu isə zövqlərin getdikcə kasadlaşmasına səbəb olur”, – deyə o əlavə edib.

Müğənni qeyd edib ki, alqoritmlər vasitəsilə bəzi keyfiyyətsiz mahnılar geniş yayılır və sanki “virus kimi” insanların beyninə yeridilir.

“Əsl sənət kölgədə qalır. Məsələn, böyük sənətçilər albom çıxarır, amma alqoritmlər onları ön plana çəkmədiyi üçün kifayət qədər dinlənilmir”, müğənni bildirib.

Nura Suri insanların getdikcə bir-birinə bənzəməsindən də narahatlığını ifadə edib: “Hamı eyni şeyləri izləyir, eyni musiqiləri dinləyir, eyni məhsulları alır. Bu, insanları fərqli düşünməkdən uzaqlaşdırır və sanki robotlaşdırır”.

Sənətçi əlavə edib ki, bu vəziyyət ona məşhur texnoloji mövzulu serialları xatırladır.

“Bəzən baxıram, elə bil ekranlarda gördüyümüz distopik ssenarilər real həyatda baş verir”, – deyə o qeyd edib.

Sonda müğənni vurğulayıb ki, reklam və alqoritmlərlə idarə olunan cəmiyyət uzunmüddətli perspektivdə yaradıcı düşüncəyə və fərdiliyə ciddi zərbə vurur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər