Müğənnidən XƏBƏRDARLIQ: “Qadının görünüşü sosial valyutaya çevrilib”
Müğənni Nura Suri müasir dövrdə qadınların üzləşdiyi sosial və psixoloji təzyiqlərlə bağlı diqqət çəkən fikirlər səsləndirib.
ERAmedia-nın məlumatına görə, Nura Suri bildirib ki, bu gün bir çox xanım sevilmək və qəbul olunmaq üçün müəyyən “standartlara” uyğun görünməyə çalışır. Onun sözlərinə görə, bu standartlara çatmaq isə ciddi maddi xərclər tələb edir.
Sənətçi qeyd edib ki, saç boyası, üz baxımı, kiprik qaynağı, qaş tatuajı, gel dırnaqlar, dəbə uyğun müxtəlif prosedurlar və hətta plastik əməliyyatlar artıq adi hala çevrilib:
“Bu, sadəcə fərdi seçim deyil, çox vaxt sistemin qadına dolayı yolla diktə etdiyi bir yaşam strategiyasıdır”.
Nura Suri vurğulayıb ki, müasir cəmiyyətdə qadının gözəlliyi bir növ kapital kimi qəbul olunur:
“Qadının görünüşü sosial valyutaya çevrilib və bu “valyutanı” qorumaq üçün daim pul xərcləmək lazım gəlir”.
Müğənni həmçinin qeyd edib ki, bu standartları yaradan və gücləndirən elə cəmiyyətin özüdür:
“Kişilərin zövqü də illər boyu reklamlar, sosial şəbəkələr və vizual manipulyasiyalar vasitəsilə formalaşdırılıb. Bəyəndikləri qadın tipi onlara sanki yeridilib”.
Onun sözlərinə görə, nəticədə qadınlar sevilmək və seçilmək üçün bu qaydalara uyğunlaşmağa məcbur qalır və bu, davamlı maliyyə yükünə çevrilir.
Sənətçi yaranan zəncirvari vəziyyətə də diqqət çəkib:
“Sevilmək üçün gözəl görünmək lazımdır, gözəl görünmək üçün isə pul. Amma bu pulu qazanmaq da hər kəs üçün asan deyil”.
Nura Suri hesab edir ki, məhz bu səbəbdən bəzi qadınlar imkanlı kişi ilə münasibət qurmağa daha çox meyil göstərir:
“Bu seçimlər çox vaxt şəxsi istəkdən yox, mövcud reallığın diktəsindən doğur”.
Sonda müğənni məsuliyyət məsələsinə toxunaraq cəmiyyətə sual ünvanlayıb:
“Bu sistemin qadınları hansı seçim qarşısında qoyduğu açıqdır. Kim günahkardır – bunu isə hər kəs özü düşünməlidir”.
Vüsalə










