Müharibədə bir ilk: Yalnız İsraili vurmaq üçün hazırlanmış raket buraxıldı
İran müharibənin gedişinə təsir edə biləcək diqqətçəkən addım atıb.
ERAmedia xəbər verir ki, İran ordusu “Hürremşəhr” və “Siccil” raketlərindən sonra yalnız İsraili hədəf almaq üçün hazırlandığı bildirilən “Hacı Qasım” ballistik raketini ilk dəfə buraxıb.
Raketə ABŞ hücumunda öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin sabiq komandanı Qasım Süleymaninin adı verilib. Tam adı “Şəhid Hacı Qasım Süleymani Ballistik Raket Sistemi” olan silah İranın müdafiə sənayesi tərəfindən hazırlanıb.
2020-ci ildə təqdim olunan raket Müdafiə Nazirliyinə bağlı Aviasiya Sənayesi Təşkilatı tərəfindən istehsal edilib.
İran rəsmilərinin açıqlamasına görə, raketin uçuş məsafəsi 1400–1800 kilometr arasındadır. Təxminən 7 ton ağırlığında olan raket 500 kiloqramlıq döyüş başlığı daşıya bilir.
Bildirilir ki, raket 12 Max sürətə çata bilir və hədəfə təxminən 6 Max sürətlə çırpılır.
“Hacı Qasım” raketinin “Fateh-110” seriyasının təkmilləşdirilmiş yeni nəsil versiyası olduğu və tamamilə iranlı mühəndislər tərəfindən istehsal edildiyi qeyd olunur. Raketin hava hücumundan müdafiə sistemlərini aşma qabiliyyətinin yüksək olduğu vurğulanır.
Qurudan buraxılan, mobil və taktiki xüsusiyyətlərə malik olan raketin uzunluğu təxminən 11 metr, diametri isə 85–95 santimetr arasında dəyişir. Ümumi çəkisi 7 ton olan sistemdə 8 ədəd qanadcıq yerləşir.
Məlumata görə, raketin döyüş başlığı gövdədən ayrılaraq hədəfə daha dəqiq istiqamətlənə bilir. İranlı rəsmilər raketin dəqiqlik göstəricisinin 10 metrdən az olduğunu açıqlayıblar.
Bərk yanacaqla işləyən raketin “Zülfiqar” və “Dezful” sistemlərindən sonra istehsal edilən ən uzun mənzilli ballistik raket olduğu bildirilir.
İran daha əvvəl “Hacı Qasım” raketinin yalnız İsraildəki hədəfləri vurmaq məqsədilə hazırlandığını açıqlamışdı. Raketin ilk dəfə buraxılması bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcək hadisə kimi qiymətləndirilir.
Digər tərəfdən, İranın Tel-Əviv və ətrafına həyata keçirdiyi raket hücumu nəticəsində Ramat Gan şəhərində 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. İsrail mediasının məlumatına görə, raketlərin qarşısının alınması zamanı yaranan qəlpələr nəticəsində 20 fərqli nöqtədə zərər qeydə alınıb.
Tel-Əviv şəhərində bir dəmir yolu stansiyası, həmçinin Bnei Brak və Ramat Gan ərazilərində bəzi binalar zərər görüb. Qatar reysləri müvəqqəti dayandırılıb və ərazidə axtarış-xilasetmə işlərinə başlanılıb.
Vural









