Müharibələr insanı necə dəyişir?
Odessa Rusiyanın gecə zərbələrindən sonra səhəri heç nə olmamış kimi açır.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyeva Odessada müharibənin yaratdığı dərin təzaddan danışıb. O qeyd edib ki, salamat qalmış bir eyvanda qadının rahat şəkildə telefonla danışmasını görmək insanı istər-istəməz müharibənin yaratdığı reallıq üzərində düşünməyə vadar edir.
“Rusiya hara gəldi, necə gəldi atır, öldürür, yaralayır, dağıdır. Əksərən də gecələr, adamların evlərində, çarpayılarında yatdığı vaxtda”, – deyə Arzu Qazıyeva bildirib.
Onun sözlərinə görə, belə şəraitdə sağ qalmaq artıq bəxtə-bəxt məsələyə çevrilib, ölüm isə insanın həyatına gözlənilmədən daxil ola bilir.
“Sağ qalmaq bəxtə-bəxt məsələyə çevrilib, ölüm gözlə-qaş arasındadır. Buna baxmayaraq adamlar yenə də qarşılarında yaşanmalı olan adi bir gün varmış kimi həyatlarına davam edirlər”, – jurnalist vurğulayıb.
Arzu Qazıyeva bu vəziyyəti “dərin təzad” kimi xarakterizə edib və insanların davranışını yalnız sağ qalmaq mübarizəsi ilə izah etməyin yetərli olmadığını bildirib.
“Buna sağ qalmaq uğrunda mücadilə demirlər. Buna adama verilən ömrü sadəcə yaşamaq istəyi deyirlər. Həyatdan, Tanrıdan istənilən ən sadə arzudur bu”, – deyə o əlavə edib.
Jurnalistin fikrincə, Rusiya Ukraynada yalnız müharibənin özünü deyil, müharibənin insanı necə dəyişdirdiyini də göstərib.
“Ölümün içində belə həyata davam etmək, dağıntının içində belə adi bir gün yaşamaq və sınmamaq!” – Arzu Qazıyeva qeyd edib
Əli Fərhad









