media-israilin-irana-saldirilariyla-baslayan-catismalar-yeni-silahlanma-dalgasini-olusturdu

Ukraynanın son illərdə dron texnologiyaları sahəsində əldə etdiyi uğurlar beynəlxalq diqqəti cəlb etməyə davam edir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayanda Kiyevin dron imkanları olduqca məhdud idi və Ukrayna əsasən Türkiyədən aldığı pilotsuz uçuş aparatlarına güvənirdi.

Onun sözlərinə görə, müharibənin beşinci ilinə daxil olunduğu bir dövrdə Ukrayna artıq müxtəlif modifikasiyalı dronların istehsalında dünya liderlərindən birinə çevrilib. Şahinoğlu qeyd edib ki, Ukrayna eyni zamanda Rusiya dronlarına qarşı mübarizədə ciddi təcrübə toplayıb və bu faktor onu yeni hərbi tərəfdaşlar üçün cəlbedici edir.

Analitik vurğulayıb ki, İranın dron hücumlarına məruz qalan Körfəz ölkələri məhz bu səbəbdən Ukraynanın təcrübəsindən yararlanmaq qərarına gəliblər. Volodimir Zelenskinin region ölkələrinə səfərlərinin uğurlu keçdiyini bildirən Şahinoğlu əlavə edib ki, artıq bu dövlətlər Ukraynadan həm dronlar, həm də dronlara qarşı mübarizə texnologiyaları almağa hazırlaşırlar.

Şərhçi qeyd edib ki, Ukrayna ilə əməkdaşlıq edən ölkələr sırasında yalnız Körfəz regionu deyil, həm də inkişaf etmiş Asiya dövlətləri yer alır. Onun sözlərinə görə, Yaponiya da dron istehsalı sahəsində Kiyevlə əməkdaşlığa qərar verib. Bu qərarın əsas səbəbi kimi müasir müharibələrdə bahalı hava hücumundan müdafiə sistemlərinin ucuz dronlara qarşı tam effektiv olmaması göstərilir.

Elxan Şahinoğlu hesab edir ki, Yaxın Şərqdə və Asiyada artan hərbi gərginlik Tokionu ciddi qərarlar verməyə məcbur edir. O bildirib ki, xüsusilə Çin və Şimali Koreyanın hərbi gücünü artırması Yaponiyanın İkinci Dünya müharibəsindən sonra qəbul etdiyi sülhpərvər Konstitusiyanı dəyişdirməsini qaçılmaz edir.

Analitik əlavə edib ki, Tokio üçün əsas təhlükələrdən biri Çinin Tayvan üzərində nəzarəti ələ keçirmək istəyi və Yaponiya sahillərinə yaxın adalara iddialarıdır. Bundan başqa, Çin və Rusiyanın birgə hərbi təlimləri də Yaponiyanı daha sərt təhlükəsizlik siyasəti yürütməyə vadar edir.

Şahinoğlu bildirib ki, Yaponiyanın baş naziri Sanae Takaiçi artıq xarici kəşfiyyat üzərində şəxsi nəzarəti gücləndirmək qərarına gəlib. Bu çərçivədə yeni kəşfiyyat strukturlarının yaradılması nəzərdə tutulur və qanun layihəsinin yaxın aylarda qüvvəyə minməsi planlaşdırılır.

Siyasi şərhçinin fikrincə, bütün bu proseslər göstərir ki, müasir dünyada dron texnologiyaları və kəşfiyyat imkanları dövlətlərin təhlükəsizlik strategiyalarında həlledici rol oynayır. Ukrayna isə bu sahədə qazandığı təcrübəni həm iqtisadi, həm də siyasi dividendlərə çevirməyi bacarır.

Vural


media-adspc

Bənzər xəbərlər