Müntəzəm avtobus marşrutlarında dayanıqlı və keyfiyyətli XİDMƏT
Nazirlər Kabinetinin iyulun 31-i tarixli 250 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) ERAmedia-ya bildirilib ki, qayda Bakı, Sumqayıt, Naxçıvan və Xankəndi şəhərlərində, həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslarla, Gəncə şəhərində isə 1 yanvar 2025-ci il tarixindən sonra istehsal olunmuş dizel mühərrikli avtobuslarla həyata keçirilən müntəzəm sərnişin daşımalarında subsidiyanın ödənilməsinə şərait yaradacaq.
Qeyd edək ki, qaydanın gediş haqqı tariflərinin tənzimlənməsi (o cümlədən artırılması) ilə bağlı əlaqəsi yoxdur. Yeni qaydaya müvafiq olaraq yuxarıda qeyd edilən tələblərə cavab verən daşıyıcılara dövlət tərəfindən sərnişin sayından asılı olmayaraq, qət edilmiş məsafəyə görə subsidiya ödəniləcək.
Yeni qaydanın tətbiqi nəticəsində ictimai nəqliyyatda islahatlar daha da sürətlənəcək və ictimai nəqliyyatı idarəetmə sistemində köklü dəyişiklik baş verəcək. O cümlədən:
– daşıyıcıların maliyyə dayanıqlığı artacaq;
– rentabelli olmayan avtobus marşrutlarında dayanıqlı sərnişindaşıma fəaliyyəti göstəriləcək. (Məsələn, hazırda bir sıra yaşayış məntəqələrində sərnişin sayı az olduğundan daşıyıcılar həmin ərazilərdə xidmət göstərməkdə maraqlı deyillər. Yeni qaydalar isə bu xətləri daşıyıcılar üçün cəlbedici edəcək və əlçatanlıq artacaq);
– rentabelli olmayan marşrutlarda daha müasir və ekoloji təmiz avtobusların istismarı üçün şərait yaradılacaq;
– sərnişin sayından asılı olmayaraq daşıyıcılar müəyyən edilmiş qrafik üzrə keyfiyyətli xidmət göstərməkdə maraqlı olacaqlar. Yeni qaydaların daşımalara verdiyi ən böyük töhfə isə “çox məsafə qət et, çox qazan” prinsipidir. Buna görə də daşıyıcılar keyfiyyətli xidmət göstərilməsində maraqlı olacaqlar.










