media-634382431_3979704405654601_9073408714824938193_n
İlk gündən fikirləşdim ki, münasibət bildirməyim. Fotosərgidir də, hər baxan gülümsəyib keçəcək… Amma gördüm ki, yox, mövzu hər gün kimlər tərəfindənsə körüklənir, istiqamət dəyişir, yayım dairəsi genişlənir. Hər kəs öz rakursundan, bucağından məsələyə yanaşır. Nüfuzlu alimlər, elm xadimləri ironiya, məsxərə hədəfinə çevrilirlər… Düşünürəm ki, “fotosərgidə” görüntülənən görkəmli alimlərin nə mənim, nə də digərlərinin müdafiəsinə, mürgüləməyə haqq qazandırmağa ehtiyacları yoxdur.
Azmı telekanallardan görmüşük yüksək dağlıq yerlərdə, qar içində kombizon yataqda mürgüləyən igid, cəsur əsgərlərimizi?! Görəndə ürəyimizin başına od düşüb… Əlisilahlı, qar-tufan içində sərhədlərimizi qoruyan əsgərlərimizin xidmət yerində mürgüləmələri mümkündürmü? Əsla! Uzaqmənzilli avtobusların, təyyarələrin sərnişinlərinin mürgülədiyini azmı görmüşük… Bunlar təbiidir. Elə mürgüləmələr var ki, o hal cinayət kateqoriyasına daxildir: xüsusilə sükan arxasında əyləşərək mürgüləyən sürücülər potensial təhlükə mənbəyidir. Və ya 3-5 saat dincəlmədən əməliyyat aparan cərrahın mürgüləyərək skalpelini və ya tənzif bükümünü xəstənin qarnında unutması bağışlanmaz səhvdir.
Statusundan asılı olmayaraq bəzi insanların məhz iclas zamanı mürgüləməsi qəbahət hesab edilməməlidir. Mürgüləyən insanın iclası tərk etməsi də günah sayılmamalıdır. Ən vacibi insanın düşüncəsi, zəkası, bəsirət gözü mürgüləməsin!
Cəmiyyətdə insanlar bir-birilərinə qarşı diqqətli olmalı, həssaslıqla yanaşmalıdır. Bütün həyatını, fəaliyyətini elmə həsr edən insanın qədrini bilmək, onun yaradıcılığı ilə yaxından tanış olmaq hər birimiz üçün gərəklidir.
Milli elmimizin patriarxlarını, korifeylərini əsassız iddialardan və mənasız hədəflərdən vətəni qoruduğumuz kimi qorumalıyıq. Onlar elmimizin sərhədlərinin keşiyində sərvaxt dayanan elm xadimləridir.
PS. “Fotosərgi”nin təşəbbüsçülərinə həqiqət naminə təşəkkür düşür. Akademiyanın tədbirlərində bir daha mürgüləyən adamın nadirəyə çevriləcəyinə əminliyimi bildirirəm…
Bakı, Bilgəh. 27.02.2026

media-adspc

Bənzər xəbərlər