media-5d0d5594174801278896905931910742327

Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətinin Füzuli, Şuşa, Xankəndi və Ağdamın Baş Qərvənd kəndinə səfəri zamanı qonaqlar işğalın ağır nəticələri və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olublar.

ERAmedia xəbər verir ki, Milli Məclisin sədr müavini Musa Qasımlı səfərlə bağlı açıqlamasında bildirib ki, nümayəndə heyəti Ermənistanın işğal dövründə törətdiyi dağıntıları gördükdə dərin təəssüf hissi keçirib, Azərbaycanın qısa müddətdə həyata keçirdiyi bərpa və quruculuq işlərinə isə heyran qalıb.

Musa Qasımlının sözlərinə görə, Füzulidən Şuşaya gedərkən xarabalıqları izləyən qonaqlardan biri “İnsan bu vəhşilikləri necə törədə bilər? Anaları onlara necə tərbiyə verib?” deyərək təəccübünü ifadə edib.

Sədr müavini qeyd edib ki, nümayəndə heyəti Şuşaya aparan tunellərin tikintisi ilə də yaxından maraqlanıb. Onlara bildirilib ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən cəmi altı gün sonra Prezident İlham Əliyev tərəfindən Füzuli–Şuşa yolunun təməli qoyulub və layihə qısa müddətdə tamamlanıb. Bu məlumat qonaqlarda böyük təəccüb doğurub və onlar Avropada bu cür layihələrin illərlə davam etdiyini vurğulayıblar.

Açıqlamada bildirilib ki, nümayəndə heyəti Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin korpusunun cəmi yeddi aya tikilməsini də xüsusi maraqla qarşılayıb. Avropalı qonaqlar belə layihələrin bir çox ölkələrdə uzun illər tələb etdiyini diqqətə çatdırıblar.

Musa Qasımlı vurğulayıb ki, bu faktlar Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi zəfərin miqyasını və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Sədr müavini əlavə edib ki, azad edilmiş torpaqlarda heç bir xarici dövlətin və beynəlxalq təşkilatın maliyyə yardımı olmadan, yalnız dövlət büdcəsi hesabına geniş tikinti və bərpa işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması Azərbaycanda maliyyə-iqtisadi siyasətin düzgün qurulduğunu təsdiqləyir. Onun sözlərinə görə, xüsusilə gənc nəslin bu uğurların qədrini bilməsi vacibdir.

Vural


media-adspc

Bənzər xəbərlər