Musa Qasımlı: “Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi dayanır”
Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı mahiyyətcə dərin və mühüm mesajlarla zəngin olub.
Milli Məclisin sədr müavini Musa Qasımlı ERAmedia-ya açıqlamasında bildirib ki, dövlət başçısının nitqi yalnız partiya üzvlərinə xitab çərçivəsində qalmayıb, Azərbaycan xalqının bu günü və gələcək inkişafı baxımından prinsipial məsələləri özündə əks etdirib və ölkəmizə qarşı olan dairələrə mühüm mesajlar verib.
Onun sözlərinə görə, çıxışın ana xəttini bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycan xalqının xoşbəxtliyi və qarşıya qoyduğu hədəflərə çatması ilk növbədə öz gücünə, daxili enerjisinə, qüdrətli dövlətinə, dövlət rəhbərinin qətiyyətinə və ölkədəki sabitliyə bağlıdır.
Musa Qasımlı qeyd edib ki, Azərbaycan işğala öz gücü hesabına son qoyub və müharibədən sonra bölgədə yaratdığı yeni reallıqları bütün dünya qəbul edib:
“Əhəmiyyətinin miqyasına görə Azərbaycanı, Cənubi Qafqazı və bütövlükdə dünyanı əhatə edən bu qələbə xalqımızın əbədi mövcud olduğu müddətdə hörmət və ehtiramla anılacaq. Bu tarixi zəfər qəhrəman şəhidlərimizin canı, qazilərimizin qanı, Azərbaycan xalqının zəhməti, rəhbərinin qətiyyəti, sarsılmaz iradəsi və vahid mövqeyi nəticəsində qazanılıb. Mənbələrinin paylaşılması və ona şərik çıxılması mümkün olmayan, lakin bəhrəsindən bütün dünyanın faydalandığı tarixi zəfərin memarı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir”.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, artıq baş vermiş və dəyişdirilməsi mümkün olmayan tarixlə savaşanlar və ya buna cəhd göstərənlər əvvəlcədən uğursuzluğa məhkumdurlar.
“Əgər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qurulmasaydı, onun ikinci dəfə hakimiyyətə qayıdışı baş verməsəydi və cənab İlham Əliyev Prezident seçilməsəydi, bu gün qələbədən, Azərbaycanın dövlət suverenliyinin bərpasından danışmaq mümkün olmazdı. Tarixdə təsadüflər olmur, hər şey zərurətdən doğur. İlahidən gələn zərurətin qarşısını isə almaq mümkün deyildir”, – deyə Musa Qasımlı bildirib.
O qeyd edib ki, qələbənin qazanılması və qarşıda yeni məqsədlərin qoyulduğu dinc dövrün başlaması tarixin unudulması anlamına gəlməməlidir.
Musa Qasımlının fikrincə, xalq başına gələn hadisələrə “olub-keçib” yanaşmamalı, onu bir zamanlar uğursuzluğa düçar edən və sonradan qələbəyə gətirib çıxaran amilləri bilməli, buraxılmış səhvlərdən düzgün nəticələr çıxarmalıdır. Əks halda, eyni problemlərlə yenidən üzləşmək təhlükəsi yarana bilər.
“Yeni hədəflərimizə çatmaq üçün dövlətimiz daim güclü, xalqımız dövlətimizin yanında olmalı, təbii sabitlik və xalqın milli ideyasını gerçəkləşdirən siyasət davam etdirilməlidir”, – deyə o vurğulayıb.
Musa Qasımlı müasir dövrdə ideoloji təhlükəsizlik məsələsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, hər hansı dövləti daxildən zəiflətməyə və müqavimət gücünü azaltmağa çalışan xarici dairələr ilk növbədə öz mədəniyyətlərini və ideologiyalarını həmin cəmiyyətə sırımağa, xüsusilə gənclərin dünyagörüşünə təsir etməklə kosmopolit kütlə formalaşdırmağa çalışırlar.
Milli Məclis sədrinin müavini qeyd edib ki, informasiyanın yayılmasının qarşısının alınmasının son dərəcə çətin olduğu müasir şəraitdə təhsil, mədəniyyət və media belə təsirlərin əsas hədəflərindən birinə çevrilir.
“Buna görə də Prezident İlham Əliyevin milli təhlükəsizliyimizin mühüm tərkib hissəsi olan ideoloji təhlükəsizliyimizin etibarlı qorunması, təxribatların qarşısının alınması və vətənpərvərliyin gücləndirilməsi ilə bağlı fikirləri mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə təhsil, mədəniyyət və media sahəsində işlərin daha da təkmilləşdirilməsi zəruridir”, – deyə Musa Qasımlı əlavə edib.
Mələk Onur









