Musa Qasımlı: “Azərbaycanın sülh səyləri başqaları üçün nümunədir”
Yaxın və uzaq tarixin təcrübəsi göstərir ki, avantüra yolunu tutan hər hansı dövlət rəhbəri başqasının ərazisini işğal etmək məqsədilə təcavüzkar müharibəyə bir anda başlaya və öz ölkəsini çıxılmaz bataqlığa sala bilər. Sülhü isə yalnız müdrik və böyük dövlət adamları yaradırlar.
Milli Məclisin sədr müavini Musa Qasımlı ERAmedia-ya açıqlamasında bildirib ki, dövlət başçılarının tərbiyəsi, həyat tərzi, formalaşmış xarakteri, psixologiyası, dərin bilik və bacarıqları, xalqları və qonşuları qarşısında məsuliyyəti, eləcə də gələcəyə baxışı dövlətlərin taleyinə birbaşa təsir edən əsas amillərdəndir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesində dönüş nöqtəsi olan Vaşinqton sülh zirvəsindən, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamənin imzalanmasından və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasından ötən bir il ərzində regionda mühüm dəyişikliklər baş verib.
Musa Qasımlı qeyd edib ki, bu müddət ərzində münaqişəyə son qoyulub, “parçala, hökm sür” siyasəti yürüdərək Cənubi Qafqazı uzun illər qanlı qarşıdurmalar məkanına çevirənlərin niyyətləri puça çıxıb:
“Azərbaycan-Ermənistan münasibətlərində tamamilə yeni səhifə açılıb. Bu, yalnız iki ölkənin münasibətləri baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından mühüm hadisədir”.
Milli Məclis sədrinin müavini bildirib ki, hadisənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparması və ona məktub göndərməsi sadəcə protokol və etiket qaydası kimi qiymətləndirilə bilməz. Onun fikrincə, bu addımlar Azərbaycan-Ermənistan münasibətləri, Cənubi Qafqaz, Azərbaycan-ABŞ əlaqələri və beynəlxalq münasibətlər baxımından mühüm mesajlar daşıyır.
Musa Qasımlının sözlərinə görə, ilk mühüm məqam ABŞ dövlət başçısının sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirməsidir:
“Bu, Prezident İlham Əliyevin yaratdığı sülh səyləri düsturunun digərləri üçün də nümunə olduğunu göstərir. Sülhə çalışan dövlət xadimlərindən öyrənmək heç vaxt gec deyil”.
O bildirib ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması və iki ölkə arasında ticarət əlaqələrinin başlanması da Azərbaycanın sülh və əməkdaşlıq niyyətinin konkret göstəriciləridir.
“Keçmişin qanlı səhifələrini bağlamaq istəyən Azərbaycan sülh, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq modelini ortaya qoyur”, – deyə Musa Qasımlı vurğulayıb.
Milli Məclisin sədr müavini TRIPP layihəsinin də regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu üzrə işlərin başa çatmaq mərhələsinə gəlməsi dövlətin məsuliyyətli davranışını və sözlə əməl arasında vəhdəti nümayiş etdirir.
“Ermənistanın da faydasına olan bu layihə üzrə işlərin ölkə ərazisində tezliklə başlanacağına ümid ifadə olunması qonşunun yaxşı işindən nümunə götürmək tövsiyəsi kimi də qiymətləndirilə bilər”, – Musa Qasımlı deyib.
O, Azərbaycan və ABŞ arasında qısa müddət ərzində münasibətləri irəli aparan bir sıra sənədlərin imzalanmasını da diplomatiya tarixində mühüm hadisə kimi dəyərləndirib.
“Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin və digər sənədlərin imzalanması ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir. Bu, həm də geniş bir coğrafiyada sülhə və sabitliyə töhfə verə biləcək mühüm əməkdaşlıq çərçivəsidir”, – deyə o bildirib.
Musa Qasımlı Prezident Donald Trampın “Azadlığı Müdafiə Aktı”na ayrı-seçkilik xarakteri daşıyan 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə qərarını da tarixi ədalətin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirib.
Milli Məclis sədrinin müavini Prezident İlham Əliyevin Azərbaycanın G20 toplantısına dəvət edilməsinə görə ABŞ Prezidentinə təşəkkür etməsinin də xüsusi siyasi məna daşıdığını qeyd edib.
“Bu dəvət ABŞ dövlətinin ölkəmizə xoş münasibətini və dövlət başçımızın yüksək beynəlxalq nüfuzunu göstərir. G20 liderləri arasında Azərbaycan rəhbərinin dayanması bir daha göstərəcək ki, dövlətin nüfuzu və beynəlxalq münasibətlərdə oynadığı rol təkcə ölkə ərazisinin həcmi və əhalisinin sayı ilə deyil, həm də liderinin üstün zəkası, siyasi iradəsi və diplomatik bacarığı ilə ölçülür”, – Musa Qasımlı vurğulayıb.
O, Prezident İlham Əliyevin Donald Trampa ünvanladığı məktubda yer alan “Biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu istiqamətdə Sizinlə birgə çalışmağı səbirsizliklə gözləyirik” fikrinin də dövlətlərarası münasibətlər baxımından mühüm mesaj olduğunu bildirib.
“Azərbaycana sülh, dostluq və qarşılıqlı faydalı əməkdaşlıq məqsədi ilə uzadılan əllər heç vaxt havada qalmır. Onlar dostcasına sıxılır, qapılar açılır. Başqa cür davrananların taleyinin necə olmasının da tarixdə kifayət qədər nümunələri var”, – Musa Qasımlı əlavə edib.
Mələk Onur










