Musa Qasımlı: Prezidentin müşavirəsi yeni mərhələyə yol açır
Son bir neçə ildə dünyada baş verən mürəkkəb proseslər – qarşıdurmalar, münaqişələr, müharibələr, mühüm nəqliyyat zəncirlərinin qırılması, enerji böhranı və yanacaq təminatında yaranan çətinliklər demək olar ki, bütün ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir göstərib, məhsul həcminin azalmasına və qiymət artımına səbəb olub.
ERAmedia xəbər verir ki, Milli Məclisin sədr müavini Musa Qasımlı bu barədə açıqlamasında bildirib ki, hazırda dünya ərzaq təhlükəsizliyi baxımından olduqca həssas bir dövrdən keçir və bir çox ölkələr bu çağırışlarla üz-üzə qalıb.
Onun sözlərinə görə, qlobal miqyasda müşahidə olunan ərzaq böhranı fonunda ucqar kəndlərin boşalması, insanların şəhərlərə üz tutması və kənd təsərrüfatına marağın azalması əlavə risklər yaradır. Musa Qasımlı qeyd edib ki, bəzi kənd yerlərində yaşayan insanlar belə özlərinə lazım olan kənd təsərrüfatı məhsullarını artıq həyətyanı sahələrdən və pay torpaqlarından deyil, bazar və mağazalardan almağa üstünlük verirlər.
Deputat vurğulayıb ki, belə bir şəraitdə ərzaq təhlükəsizliyinin təmin olunması hər bir dövlət üçün prioritet məsələyə çevrilir. Onun fikrincə, mövcud vəziyyəti düzgün qiymətləndirən və vaxtında qərarlar qəbul edən ölkələr yaranmış mürəkkəb proseslərin təsirlərini daha az itki ilə dəf edə biləcəklər.
Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi və bu sahə üzrə strateji hədəflərin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müşavirədə mövcud vəziyyət dərindən təhlil olunub, qarşıdakı illər üçün əsas inkişaf istiqamətləri müəyyənləşdirilib və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Sədr müavini hesab edir ki, dövlət başçısının göstərişinə uyğun olaraq hazırlanan kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı həm dövlət, həm də özəl investisiyaları özündə birləşdirəcək və bu istiqamətdə yeni imkanlar yaradacaq.
“Müəyyənləşdirilən vəzifələrin ardıcıl icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin əsasını qoyacaq, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, həmçinin Azərbaycan məhsullarının ənənəvi xarici bazarlarla yanaşı yeni bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edəcək”, – deyə Musa Qasımlı vurğulayıb.
Vural










