“mygov” platformasında fərdi məlumatlar necə emal olunur?
Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov” platforması vətəndaşlara fərdi məlumatları üzərində tam nəzarət imkanı vermək məqsədilə rəqəmsal razılıq mexanizmini tətbiq edir. Platformada fərdi məlumatların emalı və paylaşılması yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və vətəndaşın açıq razılığına əsaslanır. Platformaya inteqrasiya olunmuş şirkətlər vətəndaşın razılığı olmadan onun məlumatlarını əldə edə bilməzlər. Vətəndaşın verdiyi razılıqlar “mygov” tərəfindən heç bir halda dəyişdirilmir və razılıqların verilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi yalnız vətəndaşın özü tərəfindən həyata keçirilir.
Vətəndaşlar platformaya inteqrasiya olunmuş bütün şirkətləri görə, hansı məlumatların hansı şərtlərlə sorğulana biləcəyini əvvəlcədən öyrənə və verdikləri razılıqları istənilən vaxt idarə edə və ya ləğv edə bilirlər. Vətəndaşlar fərdi məlumatlarla bağlı edilən bütün sorğular barədə bildiriş alırlar və əməliyyatların tarixçəsini izləyə bilirlər. Vətəndaş razılığı ləğv edildikdə, hər hansı şirkət məlumat sorğusu etdikdə platforma vasitəsilə vətəndaşa bildiriş göndərilir. Vətəndaş həmin bildiriş əsasında beş dəqiqə ərzində məlumat mübadiləsinə razılıq verə bilər. Bu müddət ərzində razılıq verilmədikdə şirkət tərəfindən məlumatların əldə edilməsi texniki olaraq mümkün olmur.
Vətəndaşın razılığı olmadan məlumatların sorğulanması və ötürülməsi mümkün deyil və razılıq ləğv edildiyi halda məlumat mübadiləsi avtomatik dayandırılır. İstifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədilə platformada mütəmadi texniki və vizual təkmilləşdirmələr aparılır. Bu dəyişikliklər fərdi məlumatların qorunması prinsiplərinə təsir etmir və təhlükəsizlik mexanizmləri dəyişməz olaraq saxlanılır.
Qeyd edək ki, “mygov” platformasında bu mexanizmlə bağlı bu günə qədər heç bir texniki xəta və ya kənar müdaxilə baş verməyib və vətəndaşların şəxsi məlumatları onların razılığı olmadan istifadə edilməyib. Vətəndaşlar istənilən vaxt şəxsi kabinet vasitəsilə məlumat sorğularının tarixçəsi ilə tanış ola bilərlər.
“mygov” vətəndaş etimadı üzərində qurulmuş milli rəqəmsal hökumət platformasıdır. Şəffaflıq, məxfilik və təhlükəsizlik onun əsas prioritetləridir. Bu prinsiplərə uyğun olaraq platformanın inkişafı davam etdirilir və ictimaiyyət yeniliklərlə bağlı mütəmadi olaraq məlumatlandırılacaq.









