Nadir bitki növləri və etnobotaniki irslə bağlı tədqiqatın nəticələri açıqlanıb
Zaqatala–Balakən bölgəsində nadir bitki növləri və etnobotaniki irslə bağlı tədqiqat işləri aparılıb.
Tədqiqatın məqsədi bölgənin flora və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin müəyyənləşdirilməsi, faydalı bitki resurslarının tədqiqi və bölgənin etnobotaniki xüsusiyyətlərinin araşdırılması olub.
ERAmedia-ya Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan bildirilib ki, tədqiqatlar Katexçay boyunca, Qəbizdərə, Gərəkli, Kanyon dərəsi, Məzə postu və Car kəndi ətrafında aparılıb. Araşdırmalar zamanı floristik, geobotaniki, sistematik və ekoloji tədqiqat metodlarından istifadə olunub. Ekspedisiya nəticəsində 13 fəsiləyə, 36 cinsə aid 54 bitki növü toplanıb, herbari nümunələri hazırlanıb və laboratoriya şəraitində təyin olunub. Tədqiqatlar zamanı toplanan herbari nümunələri arasında əvvəllər bu bölgədə qeydə alınmayan və ya ədəbiyyatlarda adı çəkilməyən növlər aşkar edilib, həmçinin bəzi bitki növlərinin yeni yayılma məskənləri müəyyən edilib. “Salvia sclarea L.” növünün Zaqatala bölgəsində yeni yayılma məskəni qeydə alınıb.
Tədqiqatın əsas istiqamətlərindən biri də etnobotaniki tədqiqatlar olub. Sorğu nəticəsində yerli əhalinin ənənəvi olaraq dərman və yabanı qida bitkisi kimi istifadə etdiyi 32 bitki növü qeydə alınıb. Əldə olunan məlumatlar bölgənin etnobotaniki irsinin öyrənilməsi və biomüxtəlifliyin davamlı istifadəsi baxımından əhəmiyyət daşıyır.










