NASA layihələrində azərbaycanlı mühəndis – Həmyerlimiz haqqında nələri bilirik
Allen Mirqədirov Azərbaycan əsilli, ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmiş mühəndislərdən biridir. Onun həyatı Bakıdan başlayaraq beynəlxalq elmi və hərbi sahələrə qədər uzanan fərqli bir inkişaf yolunu əhatə edir. Təhsil və peşə fəaliyyəti sayəsində o, aerokosmik sahədə yüksək ixtisaslı mütəxəssis kimi formalaşıb. Mirqədirovun fəaliyyəti həm hərbi xidmət, həm də NASA layihələrində mühüm mühəndislik vəzifələri ilə diqqət çəkib.
ERAmedia bildirir ki, Allen (Ələkbər) Mirqədirov 1979-cu il mayın 5-də Bakıda anadan olub və 1991-ci ildə ailəsi ilə birlikdə ABŞ-yə köçüb.
O, müxtəlif ştatlarda yaşadıqdan sonra ABŞ Hərbi Hava Akademiyasında kosmik texnika üzrə bakalavr, San Dieqo Dövlət Universitetində isə aerokosmik mühəndislik üzrə magistr təhsili alıb. Təhsilini başa vurduqdan sonra ABŞ Hərbi Hava Qüvvələrində təxminən on il xidmət edib.
2010-cu ildə o, NASA-nın orbital missiyalarının təhlükəsizliyinə nəzarət edən mühəndislik mərkəzlərindən birində işə başlayıb. Burada əsas vəzifəsi uçuşların texniki etibarlılığını təmin etmək və sistemlərin düzgün işləməsinə nəzarət etmək olub. Bu dövr onun kosmik layihələrdə praktiki təcrübə qazanmasında mühüm mərhələ sayılır.
2014-cü ildə Allen Mirqədirov Marsa uçuşa bənzər xüsusi bir simulyasiya layihəsinə seçilən altı nəfərdən biri olub. Bu təcrübədə o, həm texniki sistemlərin vəziyyətinə nəzarət edib, həm də uçuş marşrutunun idarə olunmasında məsuliyyət daşıyıb. Bundan əlavə, uçuş trayektoriyasını optimallaşdıran proqram təminatının hazırlanmasında da iştirak edib.
Vüsalə









