media-natevanin_heykeli

Azərbaycanın tarixi və mədəni irsində xüsusi yeri olan Xurşidbanu Natəvanın Bakıdakı heykəli ilə bağlı maraqlı məqamlar gündəmə gəlib.

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət binası kimi istifadə olunan tikilinin sonrakı taleyindən, Natəvanın heykəlinin yaradılma tarixindən və abidə ilə bağlı olduğu iddia edilən sirli məktubdan danışıb.

Onun sözlərinə görə, 1918–1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabineti üçün bina seçilərkən vaxtilə karvansara kimi fəaliyyət göstərmiş, 1915-ci ildə isə “Metropol” otelinə çevrilmiş tikiliyə üstünlük verilib. Bina həm yaşayış, həm də dövlət müəssisəsi kimi istifadə olunub. Cümhuriyyətin süqutundan sonra, 1930-cu ilədək burada Azərbaycan Həmkarlar İttifaqı yerləşib.

1939-cu il noyabrın 1-də qəbul edilən 4972 saylı qərara əsasən, binanın Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş muzeyə çevrilməsi nəzərdə tutulub. 1943-cü ildə isə binanın fasadının və interyerinin milli üslubda işlənməsi, eyvanında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin heykəllərinin yerləşdirilməsi ilə bağlı qərar verilib.

Uzun müzakirələrdən sonra Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və Xurşidbanu Natəvanın heykəllərinin qoyulması razılaşdırılıb. Bu sırada Natəvan yeganə qadın şairə kimi yer alıb.

XIX əsrdə Qarabağın ictimai-mədəni həyatında mühüm rol oynamış Xurşidbanu Natəvan yalnız klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə tanınan şəxsiyyət olub. Onun təşəbbüsləri arasında su kəmərinin çəkilməsi, yoxsullara yardım və təhsillə bağlı fəaliyyətlər də yer alıb.

Abidənin hazırlanması Ukrayna əsilli heykəltaraş Yelena Tripolskayaya həvalə edilib. Əliyevin təqdim etdiyi məlumatlara görə, heykəltəraş Natəvanın obrazını yaradarkən onun geyiminin detallarına, üz cizgilərinə və daxili aləmini ifadə edən xüsusiyyətlərə xüsusi diqqət yetirib.

Natəvanın başındakı kəlağayı, onun üzərindəki araqçın və uzun zadəgan libasının qatları tunc materialda incəliklə işlənib. Heykəldə şairənin başının bir qədər yana əyilməsi, baxışlarının uzağa yönəlməsi obrazın emosional təsirini gücləndirən detallar kimi təqdim olunur.

İddialara görə, Tripolskaya Natəvanın həyat hekayəsini araşdırarkən onun yaşadığı şəxsi faciələri də nəzərə alıb. Şairənin övladını erkən yaşda itirməsindən doğan ana kədərinin heykəlin ifadəsində əks olunduğu bildirilir. Bu yanaşma abidədə həm kübar Şərq qadınının, həm də dərin mənəvi iztirablar yaşamış ananın obrazını birləşdirir.

Heykəlin bədii xüsusiyyətləri sırasında Natəvanın libasının qollarında və yaxasında işlənmiş bəzəklər də xüsusi yer tutur. Təqdim olunan məlumata əsasən, bu detallar Şuşanın zadəgan qadınlarına məxsus tikmə ənənələrini xatırladır.

Şairənin ayaqqabılarının uclarının yüngülcə yuxarı əyilməsi də Qarabağ xanlığı dövrünün geyim mədəniyyəti ilə əlaqələndirilir. Libasın aşağı hissəsində Qarabağ xalçaçılıq məktəbinə aid həndəsi naxış elementlərinin əks olunduğu qeyd edilir.

Heykəlin tündləşdirilmiş tuncdan hazırlanması onun ümumi görünüşünə də təsir göstərir. Günəş şüaları binanın fasadına düşdükdə Natəvanın heykəlinin rəng çalarları digər heykəllər arasında fərqli vizual təsir yaradır.

Z.Əliyevin açıqlamasında diqqət çəkən məqamlardan biri də heykəlin hazırlanması zamanı Natəvanın üz cizgilərinin müəyyənləşdirilməsi ilə bağlıdır.

İddia olunur ki, şairənin dövrümüzə gəlib çatan fotoşəkillərinin azlığı və keyfiyyətinin aşağı olması heykəltaraş üçün əlavə çətinlik yaradıb. Buna görə də Tripolskaya Bakı ziyalıları arasında araşdırma apararaq Natəvanın Şuşadan olan uzaq qadın qohumunu tapıb.

Məlumata əsasən, həmin qadının üz cizgiləri şairənin nəsil xüsusiyyətlərini daşıdığı üçün heykəlin yaradılmasında prototip kimi istifadə edilib. Onun kimliyinin qeydə alınmadığı da iddialar arasındadır.

Natəvanın heykəli ilə bağlı ən diqqətçəkən məqam isə abidənin daxilində gələcək nəsillərə ünvanlanan məktubun gizlədildiyi barədə iddiadır.

Əliyevin təqdim etdiyi məlumata görə, heykəl hazırlandıqdan sonra onun ürək nahiyəsində sovet rejiminin Qarabağ xanlarının və bəylərin nəsillərinə münasibəti, Şuşanın milli kimliyinin sıxışdırılması və abidənin ucaldılması zamanı senzuranı aşmaq cəhdləri barədə qeydlərin yerləşdirildiyi iddia olunur.

Məktubun tam məzmununun məlum olmadığı bildirilir. Bununla belə, onun məzmununa aid olduğu deyilən bir cümlə diqqət çəkir:

“Bu tunc sındığı gün, bu sirlər açılacaq və mənim xalqım yenidən öz həqiqi tarixinə qayıdacaq!”

Qeyd edək ki, məktubun mövcudluğu və ona aid edilən mətn barədə məlumatların tarixi sənədlərlə təsdiqlənməsi vacibdir. Bu səbəbdən həmin məlumatlar təsdiqlənmiş tarixi fakt kimi deyil, əlavə araşdırma tələb edən iddialar kimi qiymətləndirilməlidir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər