media-videoedited
media-17595961043286342062_1200x630
media-shehidler_olmez_baner_full

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin yeni əsəri – “Sev” romanının təqdimatı keçirilib.

ERAmedia xəbər verir ki, tədbiri giriş sözü ilə Əməkdar jurnalist və yazıçı Yunis Orucov açıb. O qeyd edib ki, roman Azərbaycan ədəbiyyatına, xüsusən də müasir nəsrə sanballı töhfədir.

Müəllif Natiq Məmmədli daha sonra əsərin üzərində yaradıcılıq prosesi, onun adının seçilməsindən danışıb. Onun sözlərinə görə, müasir ədəbiyyatın hədəf auditoriyası gənclərdir və onlar “biz niyə kitab oxuyuruq?” sualına cavab axtarmalıdırlar.

Roman əfsanəvi məhəbbət nəğməkarı Sarı Aşığın kitabıdır. Onun gerçək dastanı əsərin ruhuna hopur. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması təsadüfi görünmür. Əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır. “Sev” əsl səyahət romanıdır.

Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Romanda postmodernizm elementləri, qloballaşmaya yeni münasibət, modern dünya nizamına, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var. Bu baxımdan “Sev” öz fəlsəfi-estetik mesajları ilə ənənəvi sevgi romanı çərçivəsindən kənara çıxır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar Yurduna can atır. Epiqrafda əsəri başa düşməyin asan yolu da göstərilir: “Yalnız sevənlər anlayar”.

Qeyd edək ki, “Sev” romanı TEAS Press nəşriyyatında çap olunub.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər