NATO Asiyaya açılır: Pekin və Moskva niyə narahatdır?
NATO-nun Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirmək qərarı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Şimali Atlantika Blokunun bu addımı təşkilatın qlobal təsir dairəsini genişləndirmək niyyətindən xəbər verir.
Onun sözlərinə görə, NATO-nun Yaponiya və Cənubi Koreyaya 300 nəfərlik nümayəndə heyəti göndərməsi təsadüfi deyil və bu, xüsusilə Çinin narazılığına səbəb olub. Pekində nəşr olunan “Global Times” qəzetinin də qeyd etdiyi kimi, NATO Asiya-Sakit okean regionunda hərbi-siyasi mövqelərini gücləndirməyə çalışır.
Şərhçi hesab edir ki, bu proses NATO-nun Şərqə doğru genişlənmə siyasətinin davamıdır. Onun fikrincə, təşkilat bununla həm də zəifləmədiyini nümayiş etdirmək istəyir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın NATO-nu sərt tənqid etməsi blokun imicinə mənfi təsir göstərib.
Elxan Şahinoğlu vurğulayıb ki, Trampın “Hörmüz boğazını birgə qoruyaq” çağırışına NATO-nun dəstək verməməsi Vaşinqtonla alyans arasında fikir ayrılıqlarını daha da dərinləşdirib. Bununla belə, ABŞ-ın NATO-dan çıxmasının hüquqi və siyasi baxımdan çətin olduğunu qeyd edən şərhçi bildirib ki, belə bir qərar üçün Konqresin razılığı tələb olunur və bu addım ABŞ-ın Avropadakı hərbi mövqelərinə ciddi zərbə vura bilər.
Ekspertin fikrincə, ABŞ-NATO münasibətlərindəki gərginlik alyans daxilində müəyyən çatlar yaratsa da, NATO-nun Asiya istiqamətində fəallaşması onun hələ də qlobal təhlükəsizlik sistemində mühüm rol oynadığını göstərir. Brüsseldə hesab edirlər ki, Avropanın təhlükəsizliyi birbaşa Asiya ilə bağlıdır və bu səbəbdən regiona maraq artır.
Şahinoğlu əlavə edib ki, NATO-nun Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya ilə birgə hərbi təlimlərinin intensivləşməsi də bu strategiyanın tərkib hissəsidir. Yaponiya artıq NATO yanında daimi nümayəndəlik açaraq əməkdaşlığı yeni mərhələyə keçirib.
Siyasi şərhçi bildirib ki, Yaponiyanın hərbi gücünü artırması həm Çin, həm də Rusiyada narahatlıq doğurur. Moskva hesab edir ki, Tokio İkinci Dünya müharibəsindən sonra üzərinə götürdüyü öhdəliklərə sadiq qalmalıdır. Lakin artan Çin hərbi aktivliyi və regionda keçirilən Çin-Rusiya təlimləri Yaponiyanı müdafiə imkanlarını gücləndirməyə vadar edir.
Nəticə etibarilə, Elxan Şahinoğlunun fikrincə, NATO-nun Asiyaya yönəlməsi yaxın illərdə qlobal geosiyasi rəqabəti daha da kəskinləşdirəcək.
Vural









