NATO-dan Türkiyəyə təcili DƏSTƏK - Bu bölgədə "Patriot" yerləşdirildi
ABŞ-İsrail və İran arasında 11 gündür davam edən münaqişə fonunda, Türkiyə hava sahəsində 2 İran raketi uğurla zərərsizləşdirilib.
ERAmedia xəbər verir ki, ard-arda raket atışları baş verdikdən sonra Milli Müdafiə Nazirliyi (MMN) NATO tərəfindən hava sahəsinin qorunmasına dəstək məqsədilə Malatya bölgəsinə “Patriot” hava müdafiə sisteminin yerləşdirildiyini açıqlayıb.
“Türkiyə Silahlı Qüvvələri ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək əzmindədir. Regionda baş verən son hadisələr çərçivəsində sərhədlərimizin və hava sahəmizin təhlükəsizliyi üçün lazımi tədbirlər görülür və NATO ilə müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Millî səviyyədə qəbul etdiyimiz tədbirlərə əlavə olaraq, NATO tərəfindən hava və raket müdafiə tədbirləri gücləndirilib. Bu çərçivədə, hava sahəmizin qorunmasına dəstək məqsədilə Malatya bölgəsinə Patriot Sistemi yerləşdirilir. Müdafiə və təhlükəsizlik qabiliyyətini ən yüksək səviyyədə saxlayan ölkəmiz, NATO və müttəfiqlərimizlə əməkdaşlıq və məsləhətləşmə içində hadisələri qiymətləndirməyə və regional sülh və sabitlik üçün səylər göstərməyə davam edəcək”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.
28 fevraldan başlayan İran münaqişəsi dövründə Türkiyə hava sahəsində zərərsizləşdirilən raketlərin birincisinin qalıqları Hatay bölgəsinə, ikincisi isə Qaziantep bölgəsinə düşüb.
Türkiyə tərəfi raketlərdən sonra İran hakimiyyət orqanları ilə əlaqə saxlayaraq müvafiq xəbərdarlıqlar edib.
Vural










