media-1789477928520840787_1200x630

Naxçıvan Dövlət Universitetinin Konqres Mərkəzində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

ERAmedia xəbər verir ki, universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra universitetin dünəni, bu günü və sabahını özündə əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim və tələbə heyətini təbrik edib, universitet həyatına yeni başlayan gənclərə uğurlar arzulayıb.

Rektor Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinə dörd dəfə səfər etməsini, ali təhsil ocağı ilə bağlı təşəbbüslərini, eləcə də NDU-nun fəxri doktoru adını daşımasını xüsusi qeyd edib. Prezident İlham Əliyevin Naxçıvan Dövlət Universitetində yeni yataqxana kompleksinin tikintisi ilə bağlı imzaladığı Sərəncamı dövlət qayğısının növbəti nümunəsi kimi dəyərləndirən rektor bunun tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və universitetin infrastruktur imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Elbrus İsayev tələbələrə universitetin yaratdığı beynəlxalq mübadilə proqramlarından, yay stajlarından, müasir laboratoriyalardan, rəqəmsal tədris imkanlarından və kitabxana resurslarından fəal yararlanmağı tövsiyə edib.

Rektor tələbə qəbulunda keyfiyyət göstəricilərinin yüksəldiyini də vurğulayıb. Qeyd edib ki, 600–700 intervalında bal toplayaraq NDU-ya qəbul olunan tələbələrin sayı 2024–2025-ci tədris ilində 41 nəfər olduğu halda, 2026–2027-ci tədris ilində 166-ya çatıb.

643 balla Hüquqşqnaslıq (tədris ingilis dilində) ixtisasına qəbul olunan Solmaz Ələkbərli tələbə adını qazanmağın sevincini bölüşüb, NDU-da təhsil almaqdan məmnunluğunu ifadə edib.

623 balla Naxçıvan Dövlət Universitetinə qəbul olan Tağıyeva Xanımın valideyni Suvrə Rzayeva yüksək nəticə göstərən tələbələri təbrik edib və onlara yeni tədris ilində uğurlar arzulayıb.

Sonra 2026–2027-ci tədris ilində 600-dən yuxarı bal toplayaraq Naxçıvan Dövlət Universitetini seçən tələbələrə hədiyyələr təqdim olunub.

Tədbirin bədii hissəsində NDU İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında rəngarəng musiqi proqramı nümayiş etdirilib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində 2026-2027-ci tədris ilininin payız semestrinin ilk dərsində tələbələr şəhid ailələrini və qaziləri dinləyiblər. Artıq 5 ildir ki, universitetdə hər semestrin ilk dərslərinin şəhid ailələri və qazilər tərəfindən keçirilməsi ənənəyə çevrilib. Bu təşəbbüsün əsas məqsədi Vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, sağlamlığını itirən qazilərimizin fədakarlığını gənc nəslə çatdırmaq və tələbələri vətənpərvərlik ruhunda tərbiyə etməkdir.


media-adspc

Bənzər xəbərlər