Naxçıvan Hərbi Kollecinin ilk məzun buraxılışı olub
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin məzunlarının ilk buraxılış mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kənan Seyidov və digər vəzifəli şəxslər iştirak ediblər.
Naxçıvan Hərbi Kollecinin rəisi mərasimə hazırlıq barədə Kənan Seyidova məruzə edib.
Mərasimdə general-leytenant Kənan Seyidov məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə sədaqətlə xidmət etməyin, hərbi andı daim uca tutmağın və Azərbaycan hərbi qulluqçusu şərəfli adını layiqincə qorumağın vacibliyini vurğulayıb.
Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə şərəflə xidmət etməyi, peşəkar hərbi qulluqçu kimi daim inkişaf etməyi arzulayıb.
Mərasimdə Naxçıvan Hərbi Kollecini fərqlənmə ilə bitirən məzunlara Əlahiddə Ümumqoşun Ordunun komandanı tərəfindən sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. Sonra kolleci bitirən digər məzunlara rəhbər heyət tərəfindən sertifikatlar təqdim edilib.
Kolleci birinciliklə başa vuran məzun tərəfindən yaş kötüyünə xatirə simvolu vurulub. Naxçıvan Hərbi Kollecinin Döyüş Bayrağının təhvili və qəbulu mərasimi icra olunub.
Məzun buraxılış mərasimi şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.










