Naxçıvan Heydər Əliyev Sarayı musiqi axşamına ev sahibliyi edib - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin böyük qastrol proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan konsert proqramı Naxçıvan Muxtar Respublikasını da əhatə edib.
ERAmedia xəbər verir ki, layihə çərçivəsində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri 28 May – Müstəqillik Günü ərəfəsində Naxçıvan şəhərində geniş konsert proqramı ilə çıxış edib. Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin bir qrup musiqiçisi də Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri ilə birlikdə səhnə alıb.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri — mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.
Azərbaycan musiqi sənətinin parlaq incilərini bir araya gətirən və 28 May – Müstəqillik Günü ərəfəsində təşkil edilən bu möhtəşəm konsert musiqisevərlərə unudulmaz sənət axşamı bəxş edib.
Tədbirdə dövlət və hökumət nümayəndələri də iştirak edib. Konsert proqramı başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev səhnə arxasına keçərək kollektivi təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.









